27 saylı Sabunçu ikinci seçki dairəsində seçkilərə hazırlıq işləri uğurla davam edir
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 12-də 27 saylı Sabunçu ikinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Avqustun 15-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, treninqlərdə 38 məntəqədən 228 nəfərin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş Telman Sadıqov və Şəhla Qurbanova aparırlar.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və digər məqamlarla bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Qeyd edək ki, treninqlər 26 saylı birinci, 27 saylı Sabunçu ikinci, 28 saylı Sabunçu üçüncü, 29 saylı Sabunçu seçki dairələrində də keçirilir.
Dairə seçki komissiyasının sədri Nadir Əjdərov AZƏRTAC-a seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib. Bildirib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, parlament seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin səkkizində veb- kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda qalmayıb. Belə ki, həmin qəbildən olan vətəndaşlar üçün məntəqələrdə panduslar quraşdırılıb.
“Hazırda dairədəki seçki məntəqələrinin sayı 38-ə, seçicilərin sayı isə 52 min 722 minə bərabərdir. 80-100 yaşlı seçicilərin sayı 788 nəfərdir. Yaşı 100-dən yuxarı bir seçici var. Dairədə seçicilərin 495 nəfəri ilk dəfə səs verəcək. Onlarda 236 kişi, 259 qadındır”, - deyə N.Əjdərov qeyd edib.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
380 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)