Azərbaycan-Özbəkistan münasibətlərində tarixi məqam - ŞƏRH
Avqustun 22-23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri reallaşdı. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçən bu səfər zamanı dövlətlər arasında turizm, mədəniyyət, elm-təhsil, ticarət, investisiyalar və digər sahələrdə mühüm sənədlər imzalandı, iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olundu.
Daşkənddəki görüşdə ilk dəfə olaraq Ali Dövlətlərarası Şuranın iclası keçirildi və bu iclasda 20 yeni layihə üzərində əməkdaşlıq istiqamətləri müzakirə edildi. Bununla belə, bu səfərin ən əlamətdar məqamlarından biri kimi Prezident İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanması oldu. Prezident İlham Əliyevin təbirincə desək, bu gün biz Özbəkistanla rəsmən müttəfiq olduq və bu müttəfiqlik iki ölkə arasındakı münasibətlərdə tarixi bir məqamdır.
Bunu Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Sultan Zahidov deyib.
Sultan Zahidov qeyd edib ki, müttəfiqlik dövlətlərarası münasibətlərin ən ali səviyyəsini bildirir: “Beynəlxalq münasibətlərdə dövlətlərarası münasibətləri ifadə edən fərqli razılaşmalar vardır ki, onlara misal olaraq Dostluq və Əməkdaşlıq sazişini, Strateji Tərəfdaşlıq sazişini göstərmək olar. Azərbaycanla Özbəkistan arasında əvvəllər hər iki növ sazişlər bağlanıb, ən son 2022-ci ildə isə dövlət başçıları tərəfindən Strateji Tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Avqustun 23-də imzalanan Müttəfiqlik münasibətlərinə dair sənəd isə iki ölkə münasibətlərini ən yüksək pilləyə daşıyan məqam oldu. Həm Azərbaycanın, həm də Özbəkistanın cəmi bir neçə müttəfiqi vardır ki, bu da bəhs olunan sənədin dövlətlərarası münasibətlərin səviyyəsi baxımından dəyərini bir daha ifadə etmiş olur. Müttəfiqlik razılaşması yalnız iki dövlət arasında yüksələn xətlə inkişaf edən siyasi-iqtisadi münasibələtləri deyil, həm də xalqlarımızın bir-birinə yaxın olduğunun göstəricisidir. Prezidentin Özbəkistana budəfəki dövlət səfəri iki ölkə arasındakı münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, onun müttəfiqlik səviyyəsinə qaldırılmasına və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilərək uzunmüddətli vədədə dərinləşməsini təmin etmiş oldu”.
O bildirib ki, Azərbaycan və Özbəkistan arasında hazırkı münasibətləri və strateji müttəfiqliyi hər iki ölkənin regionda oynadığı əhəmiyyətli rolu nəzərə alsaq nəinki, ikitərəfli, həm də regional və qlobal kontekstdə dəyərləndirmək gərəkdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrilib. Azərbaycan isə İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük Zəfərlə yeni geosiyasi reallıqlar yaradıb və Cənubi Qafqazdakı liderlik mövqeyini daha da möhkəmləndirib. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri bütün Cənubi Qafqaz, Transxəzər və Mərkəzi Asiya regionunun təhlükəsizlik və inkişaf konfiqurasiyasında həlledici təsir gücünə malikdir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər qurumlarda böyük çəkiyə malik olduğunu nəzərə alsaq, bu əməkdaşlığın regional və qlobal proseslərə təsirini xüsusilə qeyd etmək gərəkdir.
“Azərbaycan və Özbəkistan arasında ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq hər il daha da genişlənərək hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzulidə Uluqbəy adına 1 nömrəli məktəbin tikintisinə verdiyi töhfə və ötən il Azərbaycana etdiyi səfər zamanı həmin məktəbin açılışında iştirakı Özbəkistanın Azərbaycanla münasibətlərə verdiyi dəyərin təzahürüdür. Digər tərəfdən Prezident İlham Əliyev də Daşkənd səfərinə özü ilə bərabər Azərbaycanın biznes nümayəndələrini gətirməsi və Dövlətlərarası Şuranın iclasında təxminən 2 milyard dollarlıq investisiya portfelinin və Özbəkistanda yeni tikinti layihələrinin müzakirə olunması, Azərbaycanın dost Özbəkistanla münasibətlərə verdiyi əhəmiyyətini təcəssüm etdirir”, - deyə S.Zahidov əlavə edib.
Onun fikrincə, bu gün Cənubi Qafqaz və Orta Asiya regionu bütün Avrasiyanın nəqliyyat və enerji mərkəzinə çevrilməkdədir. Hər iki region həm Orta Dəhlizin, həm də “Bir kəmər, bir yol” layihəsinin önəmli hissələridir. Bu baxımdan həm Qərbin, həm də Şərqin bu iki regionunun geosiyasi və geoiqtisadi imkanlarına ehtiyacı var. Bunun üçün isə sabitlik və inkişaf şərtdir: “Əminlikə deyə bilərik ki, bu gün həm Azərbaycan, həm də Özbəkistan Cənubi Qafqaz və Orta Asiyada sabitlik və inkişafın təmin olunmasında təməl rola sahibdirlər. Bu baxımdan hazırkı dünya nizamının böyük sarsıntılar və münaqişələrlə zəngin olduğu bir zamanda Azərbaycan və Özbəkistanın sülhü, əməkdaşlığı təşviq etməsi və bunun üçün ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırması, düşünürəm ki, bütün dünya dövlətləri üçün örnək olmalıdır”.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)