Dünyanı uşaqlara verək...

Dünyanı uşaqlara verək...

Məşhur türk şairi Nazim Hikmətin artıq qanadlı ifadəyə çevrilmiş sözləri var: “Dünyanı uşaqlara verək”.

Bu gün məhz həmin gündür - dünyanın uşaqlara verildiyi gün...

AZƏRTAC xatırladır ki, 1949-cu ildə qadınların Parisdə keçirilən qurultayında bu barədə razılığa gəlinib. Həmin il Moskvada Beynəlxalq Demokratik Qadınlar Federasiyası Şurasının sessiyasının 2-ci konqresinin qərarlarına uyğun olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü təsis edilib. 1950-ci ildən isə həmin gün qeyd edilməyə başlanılıb.

Güllü beşiyində mışıl-mışıl yuxuya gedən süd qoxulu körpə... O, bu dünyanın ən məsum, ən təmiz və ən günahsız bəndəsidir. Təzə dünyaya gələn körpə yaranışın, ilkinliyin, başlanğıcın, özü kimi pakdır, safdır, durudur. Təbiət yazın gəlişi, gün səhərlər dan yerindən Günəşin boylanması ilə təzələndiyi kimi dünya da hər körpənin doğuluşu ilə sanki təzədən doğulur. Müqəddəs ana əlləri ilə yırğalanan beşikdə sabahımız, gələcəyimiz anbaan, misqal-misqal, buğum-buğum böyüyür...

Məşhur yazıçı Viktor Hüqonun sözləri yada düşür: “Dünyada körpə qığıltısından böyük himn yoxdur”. Körpə qığıltısı həqiqətən də ən qaranlıq daxmaya, ən zülmət otağa, ən küskün, bədbin ürəyə də işıq çiləmək gücündədir. Körpə gülüşü ən böyük sevinc mənbəyidir, ürəkdən gələn bu gülüş önündə hər şeyi vermək istəyirsən. Körpə göz yaşı... yəqin ki, onun önündə ən daşürəkli adam da yumşalar.

Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Ata-ana, baba-nənə qayğısı ilə böyüyən uşaq bəlkə də dünyanın ən xoşbəxt varlığıdır. Bu gün Azərbaycanda uşaqların sağlam, qayğısız, sabahın layiqli vətəndaşı kimi böyüməsi üçün hər cür şərait yaradılıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyev də uşaqları çox sevirdi, onlara çox böyük diqqət və qayğı göstərirdi. Ulu Öndər yolunun layiqli davamçısı, Prezident İlham Əliyev də uşaqların gələcəyimizin etibarlı varisi kimi böyüməsini həmişə diqqətdə saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib.

2006-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və uşaqların problemləri ilə ciddi şəkildə məşğul olur.

Adətən həmişə yaşlı nəsil öz yaşadığı dövrü və uşaqlıq həyatını göz önünə gətirərək indiki uşaqlara həsəd hissi ilə baxır. Təbii bir hissdir... Amma indiki uşaqlar həqiqətən də çox üstün və xoşbəxt bir dəyərə sahibdirlər ki, indiki valideynlər həmin hissi yaşamayıblar. Bu, bütöv Azərbaycanın, tam suveren ölkənin vətəndaşı olmaq hissidir. Bu gün uşaqlar doğma Zəngilanda, Füzulidə, Cəbrayılda, Şuşada, Xocalıda bu ölkənin qayğısız sakinləri kimi abad və gözəl evlərdə böyüyür və hər cür qayğı ilə də əhatə olunublar. Ən yaxın vaxtlarda doğma yurda üz tutan köç karvanları onları Ağdam, Qubadlı, Xankəndi, Ağdərəyə aparacaq və onlar öz ata-baba yurdlarında bağçaya, məktəbə gedəcək, şən səsləri küçəyə, həyət-bacaya, idman meydançalarına yayılacaqdır...

Bir şairin misralarıdır:

Beləcə getsələr sərhəd üstünə,

Məftillər əriyib tökülə bilər.

Doğrudan da elədir: gül ətirli, yaz nəfəsli, bahar istəkli körpələrin önündə nə duruş gətirə bilər?!

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək. Çünki uşaq olan yerdə hər şey gözəldir. Uşaq olan yerdə mübahisə, söz-söhbət, dava-dalaş, müharibə ola bilməz,... olmamalıdır!

Heç olmasa bir günlüyə, bir neçə saatlığa...

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
17 gün əvvəl
400 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Dünən ölkə ərazisində 105 kiloqrama yaxın narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi...
  • 8 dəq. əvvəl
  • 4
Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb
İyunun 19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ölkə lideri Kim...
  • 1 saat əvvəl
  • 16
ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər
ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı...
  • 2 saat əvvəl
  • 27
Çadın əsas silah anbarında şiddətli partlayış baş verib
Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın...
  • 2 saat əvvəl
  • 28
İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib
İsveç parlamenti ABŞ ilə 2023-cü ildə imzalanan müdafiə sazişini təsdiqləyib.ILK.AZ...
  • 3 saat əvvəl
  • 38
İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir
Sümük kütləsinin azalması, böyrək və ürəklə bağlı problemlər və s. Kosmik uçuş...
  • 5 saat əvvəl
  • 46