Həmidəxanım Hüseynova: “Ağıllı şəhər” konsepti ilə bağlı araşdırmalar aparıram –  Müsahibə

Həmidəxanım Hüseynova: “Ağıllı şəhər” konsepti ilə bağlı araşdırmalar aparıram – Müsahibə

Son illər dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı artmaqdadır. Bu gənclərdən biri də “Dövlət proqramı” ilə İsveçin Lund Universitetində magistr dərəcəsində təhsil alan Həmidəxanım Hüseynovadır.

AZƏRTAC-ın əməkdaşı Həmidəxanım Hüseynova ilə həmsöhbət olub.

- Həmidə xanım, təhsiliniz barədə danışardınız.

- İsveçdə təhsilimə Azərbaycan Respublikasının xaricdə təhsil xəyalı quran gənclər üçün yaratdığı təqaüd proqramı olan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” vasitəsilə davam edirəm. Proqram yüksək reytinqli universitetlərdə təhsil alan gənclərin təhsil xərclərini qarşılamaqla yanaşı, bu tələbələri ölkəmizin inkişafı üçün həvəslə çalışmağa sövq edir. Belə ki, əksər tələbələr, eləcə də mən Azərbaycanda hələ yeni-yeni yaranıb inkişaf edən sahələr üzrə təhsil alırıq. Məsələn, mənim ixtisasım Ekologiya və Dayanıqlı İnkişafla birbaşa bağlıdır. Bu sahədə edə biləcəyim müsbət dəyişikliklər üçün artıq hazır ideyalarım var.

- Sirr deyilsə, ideyalarınızı bizimlə bölüşə bilərdinizmi?

- 2026-cı ildə Bakıda “World Urban Forum” keçiriləcək. Bu tədbir məhz dayanıqlı şəhərləşmə ilə bağlı xüsusi əhəmiyyətə malikdir. Xoşbəxtlikdən tədbirin keçiriləcəyi vaxt da mənim məzun olacağım zamana təsadüf edir. Buna görə elə indidən “Ağıllı Şəhər” konseptinin həm doğma Bakımızda, həm Qarabağ və digər bölgələrimizdə həyata keçirilməsi adına xüsusi araşdırmalar aparıram.

- Niyə məhz İsveç?

- Magistr hazırlıqlarım boyunca “Dayanıqlı İnkişaf” konseptində bir sıra ölkələri, nüfuzlu universitetləri araşdırırdım. Məni həm reytinq, həm də tədris olunan ixtisaslar baxımından qane edən ilk ölkələrdən biri İsveç idi. Bu ölkədə təhsil almağa başlayandan sonra anladım ki, burada doğrudan da “Ekologiya və Dayanıqlılıq” anlayışları elə yüksək inkişaf edib ki, mən nəinki universitet otağında, hətta təbiətdə keçirdiyim vaxt ərzində də yeni nələrsə öyrənə bilərəm.

- Universitetlə bağlı təəssüratlarınızı bölüşərdiniz.

- İcazənizlə, burada bir az qürrələnmək istəyirəm. Çünki təhsil aldığım universitet təzəlikcə dünya universitetləri üzrə reytinq cədvəlində 75-ci yerə yüksəlib. Təbii ki, bu xəbər məni hədsiz dərəcədə sevindirir və növbəti təhsil ili üçün xüsusi motivasiya verir. Amma etiraf etmək lazımdır ki, universitetin reytinqi yüksək olduqca, təhsil strukturu da bir qədər qəlizləşir.

- Tələbə kimi burada hansısa çətinliklərlə qarşılaşdınız?

- Açığı, xüsusi çətinliklə qarşılaşdığımı deyə bilmərəm. Düşünürəm, yeniliklərə qarşı daha həvəsli olan xasiyyətim bunda xüsusi rol oynayır. Çətinliyim, daha çox İsveçin sərt soyuğu və günorta saatlarında qaralmağa başlayan havası idi. Amma havalar isinməyə başladıqca, bütün bunlar geridə qalır.

- Universitetdə müxtəlif ölkələrdən tələbələr var. Onlarla ünsiyyət qurmaq çətin deyil ki?

- Bir-birindən fərqli bir çox millətin nümayəndələr ilə bərabər təhsil alıram. Sözsüz ki, hər biri ilə rahat şəkildə münasibət qurmaq qeyri-real səslənir. Çünki hamımız bir-birimizin tanış olmadığı fərqli mədəniyyətlərə malikik, ortaq mövzularımız olmaya bilər. Amma boş vaxtlarımızda birlikdə müxtəlif tədbirlər, “manqal” partiləri keçiririk ki, bu da həm əylənməyimizə, həm də bir-birimizin adətləri ilə tanış olmağımıza kömək edir.

- Burada təhsil alan xarici tələbələr ölkəmiz barədə nə dərəcədə məlumatlıdırlar və Azərbaycanı təbliğ edirsənmi?

- Dərs fasilələrində hamımızın çox sevdiyi mövzu bir-birimizin milli yeməklərini müzakirə etmək və ya ana dillərimizdə müxtəlif müqayisələr etmək olur. Hətta bir dəfə amerikalı bir dostum mənə “Şah plov” haqqında həvəslə danışanda həm təəccüblənmiş, həm də sevinc qarışıq xeyli gülmüşdüm. Lakin təəssüf ki, hələ də bəzi xarici tələbələr Azərbaycan haqqında məlumatlı olsalar da, Bakını elə də tanımırlar. Əlbəttə, bu fakt məni məyus edir. Çalışıram, fürsət yarandıqca, ölkəmin bütün dəyərlərini, tarixini xarici mühitdə düzgün şəkildə tanıdım.

- Azərbaycan və İsveç təhsilinin fərqi nədir?

- Bakalavr təhsilimi Azərbaycanda tamamlamış tələbə olaraq deyə bilərəm ki, İsveçin təhsil strategiyasına öyrəşmək ilk əvvəllər, son dərəcədə çətin idi. Təəssüf ki, təhsil sahəsində ölkəmizdə həyata keçirilməli olan bir sıra nüans var. Bunu fərqli təhsil sistemində oxuduqca, daha yaxşı anlayırsan. Azərbaycanda təhsilin əsas hissəsini əzbərləmək prinsipi təşkil edir. İsveçdə isə heç kim sizdən nəyisə öyrənməyinizi istəmir, əksinə, bunu sizin öhdənizə buraxır. Əvəzində isə yaxşı analiz və şərh etmək bacarığı tələb edir. İmtahanlara hazırlıqlar boyunca çoxlu sayda fərqli məqalələr, yazılar oxuyursan, araşdırırsan və sonda özünün şəxsi araşdırma işini təqdim edirsən. Düzünü desəm, yekunda öz əməyim olan araşdırma işlərimi gördükcə təhsil üçün çəkdiyim zəhmət də xəfifləyir.

- Azərbaycan tələbələrinə və abituriyentlərinə nə tövsiyə edərdin?

- İlk öncə abituriyentlərə demək istərdim ki, ixtisas seçərkən sırf universitetə qəbul olmaq adına deyil, özlərini inkişaf etdirə biləcəkləri sahəyə yönəlsinlər. Bizim hər anımız önəmlidir, 4 il boyunca sevmədikləri ixtisasda təhsil alaraq dəyərli vaxtlarını israf etməsinlər. Düzgün ixtisas seçimi magistraturaya hazırlıq zamanı da çox kömək edir. Tələbələrə isə tövsiyəm yalnız budur ki, çoxlu oxusunlar, araşdırsınlar. Kitablardan əldə etdiyimiz bilikləri imtahandan sonra, sözsüz, unuduruq. Amma özümüzün apardığımız araşdırmalar ixtisasımıza daha yaxşı hakim olmağımız üçün olduqca faydalıdır.

- Bəs xaricdə təhsil almaq barədə düşünən tələbə və abituriyentlərə nə demək istərdiniz?

- Təhsilini xaricdə davam etdirmək istəyən hər kəs, yaxşı olar ki, vaxt itirmədən xarici dil hazırlıqlarına başlasın. Bu prosesdə bir qədər ləng hərəkət edən biri kimi öz təcrübəmə əsasən bunu deyirəm. İkinci növbədə isə ümumi təhsil ortalamasını yüksək tutmağa çalışsınlar. Çünki hər bir universitetin həm xarici dil, həm də ümumi təhsil ortalaması baxımından özünün xüsusi meyarları olur.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Əgər hava şəraiti buna icazə verirsə, çalışıram, daha çox təbiətdə və ya sevdiyim kafedə vaxt keçirim. Dərslər zamanı çatdırmadığım kitablarımı oxuyuram. Boş vaxtım və ya tətil günlərim çox olarsa, onu digər ölkələrə səyahət etməklə dəyərləndirirəm.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
447 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 15 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 42