“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Bu il 90 yaşı tamam olan “İsmət” filmi Azərbaycan kinematoqrafiyası tarixində əlamətdar ekran əsərlərindən biridir. O, Azərbaycan kinematoqrafiyası tarixində sonuncu səssiz film və kino sənətinin möhtəşəm nümunəsi hesab edilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, filmin premyerası 25 may 1934-cü ildə Bakıda keçirilir.

“İsmət” filminin süjeti o dövrün tələblərinə tam cavab verirdi. Ötən əsrin otuzuncu illəri Azərbaycanda sosial həyatda böyük dəyişikliklərin baş verdiyi, qadınların cəmiyyətdəki rolunun yenidən dərk edildiyi dövrdür. Səs hüququ əldə etmək, sadəcə savadlı olmaq və xeyriyyəçiliklə məşğul olmaq ona azlıq edirdi. Gənc azərbaycanlı qadınlar getdikcə daha da fəallaşırdılar, özləri üçün yeni sahələr kəşf edirdilər, öz hüquqlarının müdafiəsinə qalxırdılar.

Məhz belə qızlardan birinin hekayəsi 1927-ci ildə Moskvada Dövlət Kinematoqrafiya Texnikumunu (hazırda VQİK adlanır – red.) bitirən gənc Mikayıl Mikayılovun rejissoru və ssenaristi olduğu “İsmət” filminin süjetinin əsasını təşkil edir. Azərbaycan SSRİ-nin Əməkdar artisti xatirələrində qeyd edib ki, ssenarinin yazılması zamanı Əli Bayramov adına Qadın klubunun üzvü Səriyyə (Sara) Xəlilovanın taleyindən ilhamlanıb. O, 1933-cü ildə qadınlar arasında fəal iş apardığı üçün qardaşı və atası tərəfindən vəhşicəsinə öldürülüb. Gənc fəalın dəfn mərasimi Əli Bayramov adına Qadın klubunda keçirilib və böyük ictimai əks-səda doğurub.

“Azərbaycan qadınının obrazını ümumiləşdirərək onu filmin qəhrəmanına çevirdim, lakin onun üçün pilot peşəsini seçdim” deyən Mikayıl Mikayılov bu sənətin kino üçün yeni bir sahə olduğunu və Azərbaycan qadınlarının yüksəkliklərə can atmasını təcəssüm etdirdiyini qeyd edib.

Filmin baş qəhrəmanının daha bir prototipi Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova olub. O, müsəlman qadınlar haqqında formalaşmış stereotipi alt-üst edərək pilot olmağa qərar verib və 1931-ci ildə Bakıda, 1933-cü ildə isə Moskvada aviasiya məktəbini bitirib.

Köhnəlmiş qaydalara meydan oxuyan iki gənc azərbaycanlı qadının hekayəsi “İsmət”i çox cəsarətli və inandırıcı bir filmə çevirə bilib. Bundan əlavə, Mikayıl Mikayılov filmin orijinal bədii həllini tapmağa müvəffəq olub. Filmin çəkilişi zamanı 27 ədəd quraşdırılmış səhnə dekorasiyasından geniş istifadə edilib. Film 1934-cü ildə nümayiş olunub.

Lentin süjetinə görə, gənc qız İsmət, işlədiyi tekstil müəssisəsinin bir qrup işçisi ilə birlikdə təyyarəçilərin qonağı olur. O, uçuş bələdçilərinin bir neçə qonağı təyyarə ilə gəzdirmək dəvətinə razılıq verir və uçuş zamanı külək onun başındakı çadranı aparır.

Əsas personajın qeyri-adi xarakteri xüsusilə hiyləgər tacir, vasvası qayınana, rəiyyət sinfinə mənsub ata da daxil olmaqla, diqqətlə işlənmiş ikinci dərəcəli personajların fonunda özünü daha aydın büruzə verir.

Ssenarinin həmmüəllifi məşhur rejissor və ssenarist Qriqori Braqinskidir. Filmin üzərində Azərbaycan kinematoqrafçıları Məmməd Babayev, Heydər Vəzirov və Mirzə Mustafayev çalışıblar. İsmət rolunu Juka Mixelson ifa edib. Filmdə Xeyri Əzimzadə, Möhsün Sənani, Əlisəttar Məlikov, Həqiqət Rzayeva və Mirzə Əli kimi aktyorlar da çəkilib.

Filmin nümayişindən sonra İsmət xarakteri nümunəvi obraza çevrildi və hətta ictimai diqqəti 1929-cu ildə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən “Sevil” filmində qaldırılan qadınların azad edilməsi probleminə yönəltdi. İsmətin taleyindən ilham alan minlərlə qadın keçmişin qalıqlarından qurtularaq cəmiyyətin fəal üzvü ola bildilər.

Film onun əsas personajının prototipi olan təyyarəçi qadının da taleyində maraqlı rol oynayıb. U-2 təyyarəsi ilə Azərbaycanın ən ucqar rayonlarına uçan Leyla Məmmədbəyova bu filmi tez-tez özü ilə aparıb, kənd sakinləri arasında aviasiya və pilot peşəsini təbliğ edib. Müharibə illərində o, cəbhə üçün onlarla pilot və paraşütçü hazırlayıb və onlar cəbhədə düşmənə qarşı cəsarətlə mübarizəyə atılıblar.

2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “İsmət” filmi Azərbaycanın dövlət sərvəti elan edilmiş filmlərin siyahısına daxil edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
501 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 40 dəq. əvvəl
  • 10
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 56 dəq. əvvəl
  • 13
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 2 saat əvvəl
  • 16
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 27
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 30
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 5 saat əvvəl
  • 41