Keçmişdən günümüzə qədər gələn batil inanclar və onların başlanğıc nöqtələri

Batil inancların, xurafatların mənşəyi dəqiq bilinməsə də, tarixi qədim dövrlərə gedib çıxır. İnsanlar bu davranışların səbəbini izah edə bilməsələr də, əsas məqam onların bu davranışları etdikdə rahatlıq tapmalarıdır. Keçmişdən qalma xurafatları və onların başlanğıc nöqtələrini sizə təqdim edirik.

1. Nərdivanın altından keçmək xurafatı

Nərdivanın altından keçmək xurafatı

Əslində, nərdivanın altından keçmək insanın başına arzuolunmaz hadisə gələ biləcəyi üçün təhlükəlidir. Ancaq bu halın başlanğıc nöqtəsi ilə bağlı bəzi söz-söhbətlər var. Divara söykənən nərdivanla divar arasında bir üçbucaq əmələ gəlir. Bu, bir çox mədəniyyətlərdə tanrıların müqəddəs üçbucağı kimi qələmə verilir. Belə ki, piramidaların kənarlarının üçbucaq formasında olması da buna əsaslanır. Bu üçbucağın içindən keçmək bir müqəddəs yerə hörmətsizlik etmək mənasını verir.

Qədim misirlilər üçün nərdivan şans simvolu idi. Çünki nərdivan olmasaydı, Günəş Tanrısı Osirisi zülmətin ruhundakı həbsxana həyatından xilas etmək mümkün olmazdı. Nərdivan həm də Tanrıların dərgahına yüksəlmək üçün bir simvol hesab olunurdu. Əsrlər sonra xristian inancı bu inancı İsanın ölüm yoluna uyğunlaşdırdı. Buna görə, xaça əsaslanan nərdivan xəyanətin, ölümün, pisliyin simvolu oldu. İnanırdılar ki, nərdivanın altından keçəndən sonra bütün bu pisliklərlə qarşılaşmaq qaçılmaz olacaq.

2. Güzgünün sınması xurafatı

Güzgünün sınması xurafatı

Ən qədim xurafatlardan biridir. Güzgünün icad olunmadığı dövrlərdə insanlar öz əksini görmək üçün parlaq səthlərə, göllərə, hovuzlara baxırdılar. Baxdıqları yerdə dalğalanmaların və ya titrəmələrin olması isə fəlakət anlamına gəlirdi. Misirlilər və yunanlar öz mənfəətləri naminə metaldan qırılmaz güzgülər düzəldirdilər. O dövrdə parıldayan səthdəki təsvirin insanın ruhu olduğuna və güzgü sındığı zaman ruhun bədəni tərk etdiyinə inanılırdı. Qədim Romada qırıq güzgülər uğursuzluq əlaməti kimi qəbul edilirdi. 7 il mühüm bir vaxtdır, çünki antik dövrdə insanın bütün bədəninin hər yeddi ildən bir yeniləndiyi düşünülürdü. Bu xurafat XV əsrdə İtaliyada, Venesiya şəhərində arxası gümüş örtüklü, kövrək və bahalı güzgülərin hazırlanması ilə daha
geniş vüsət aldı. İnanc bir qədər iqtisadi önəm qazanmışdı. Güzgü daşıyanlara, evlərdə güzgüləri təmizləyən qulluqçulara xəbərdarlıq edilirdi ki, güzgüləri sındırsalar, yeddi il ölümdən də betər fəlakətlərlə üzləşəcəklər. XVII əsrin ortalarında İngiltərə və Fransada ucuz güzgülər istehsal olunmağa başladı, lakin mövhumat o qədər kök salmışdı ki, bundan qurtulmaq mümkün olmadı.

3. Ağaca vurmaq xurafatı

Ağaca vurmaq xurafatı

Ağaca vurmaq inancı palıd ağacının yüksəkliyi və sağlamlığı səbəbiylə müəyyən güclərə sahib olmaqdan yaranıb. Bu xurafat ilk dəfə eramızdan əvvəl 2000-ci illərdə Şimali Amerika hindularında, sonra isə Egeydə Yunan sivilizasiyasında formalaşıb. Hər iki mədəniyyətdə çox vaxt palıd ağacını ildırım vurması müşahidə edilib. Yerli amerikalılar palıdın Tanrının ildırımla yerə enərək üzərində oturduğu yer olduğuna, ellinlər isə İldırım Tanrısı olduğuna
inanırdılar. Şimali Amerika hinduları bu xurafatı daha irəli apardılar. Onlar bu ağacın kökünə vurmaqla gələcək təhlükə və müsibətlərə qarşı Allahla təmasda olduqlarına inanır və ondan kömək istəyirdilər. Günümüzdə də bu inanc öz aktuallığını qoruyur.

4. Qara pişik xurafatı

Qara pişik xurafatı

İnsanların bir-birindən gələn pisliklərə inanmayıb, daha da irəli gedərək bunun bir insanın edə
bilməyəcəyi qənaətinə gəldikləri bir xurafatdır. Bir insanın qarşısından keçən qara pişiyin bədbəxtlik gətirəcəyinə əsaslanan inancın mənbəyi eramızdan əvvəl 3000-ci illərə, qədim misirlilərə gedib çıxır. O dövrdə pişiklərə müqəddəs varlıqlar kimi baxılırdı, hətta qara dişi pişiklərin tanrıça kimi qəbul edildiyi bildirilir. Pişiklərin misirliləri bu qədər valeh etməsinin səbəbinin pişiklərin çox yüksəklikdən yerə atılarkən heç bir zədə almamaları ilə bağlı olduğu düşünülür. Pişiyin doqquz canı olduğuna dair inanc da o dövrdə formalaşıb. Pişiklərə, xüsusən də qara pişiklərə nifrət İngiltərədə orta əsrlərdə xristianlığın əvvəlki mədəniyyətləri və onların simvol hesab etdiyi şeyləri məhv etmək istəyi ilə başlayıb. O illərdə evdə pişik saxlayanlar tənha yaşayan kasıblar və qoca qadınlar idi. Həmin illər bütün Avropada sehrbazlara və cadugərlərə inancın isteriyaya çevrildiyi illər idi. Qara pişiklərin gecələr şeytanlara çevrilməsi ilə bağlı qorxulu əfsanələr yarandı.

5. 13 rəqəminin uğursuzluğu

Bu inanc dünyada o qədər geniş yayılıb ki, bəzən insanların həyatının axarına müdaxilə edəcək şəkildə cərəyan edir. Bəzi ölkələrdə evlərin qapısına 13 rəqəmi yazılmır, təyyarələrdə 13-cü sıra yoxdur, mənzillərdə və otellərdə 13-cü mərtəbə ya 12A, ya da 14-dür. 13 nömrəli otaq yoxdur. Olsa belə, insanlar o otaqda qalmaq istəmirlər. Hətta ayın 13-də işdən yayınma, uçuş və qatar rezervasiyalarının ləğvi, alış-verişin azalması və buna bənzər davranışların ABŞ-a gündə milyonlarla dollara başa gəldiyi bildirilir. Bir gün işıq və gözəllik tanrısı Balder ziyafət verir. Balder məşhur Vikinq tanrısı Odin və Friqqanın oğlu və Ay kraliçası Nannanın həyat yoldaşıdır. Bu ziyafətə 12 nəfər dəvət edilir, yalan və hiylə tanrısı Loki dəvət edilməsə də, zorla 13-cü şəxs kimi iştirak etmək istəyir. Mübahisə zamanı Loki digər tanrılar tərəfindən çox sevilən Balderi öldürür.

Bu mifoloji hekayə və inanc Skandinaviyadan Avropanın cənubuna qədər yayılır. Xristian din xadimləri bu xalq nağılını Hz. İsanın son yeməyinə tətbiq edirlər. Xristian versiyasında Balderin yeri Hz. İsa, Lokinin yerini isə satqın Yəhuda alır. Bu yeməkdən sonra 24 saat ərzində Hz. İsa çarmıxa çəkilərək öldürülür. Bu səbəbdən xristianlıqda 13 nəfərin şam yeməyinə toplaşacağı təqdirdə onlardan birinin başına fəlakət gələcəyinə inanılır.

Xurafatların çıxış nöqtəsi nədir?

Xurafatın mənşəyinin paqanizmdən gəldiyini söyləyə bilərik. Paqanizm dünyanın təbiət dinlərinə əsaslanan, təbiət fiqurları və təbiət hadisələri olan bir inanc sistemidir. Monoteizmdən uzaq müqəddəs simvolizm prinsipləri hakimdir. Keçmişdə doğruluğu və səbəbi elmsizlik ucbatından sübuta yetirilə bilinməyən təbiət hadisələri bir inanc və işarə kimi qəbul edilirdi. Bu gün biz elmi reallıq olaraq bilirik ki, Ay Yerin peykidir. Ancaq min illər əvvəl Ayın ilahə olduğuna və bu ilahənin insanlara zənginlik və uğur gətirdiyinə inanılırdı.

Məqaləyə emosiya bildir:
emotion
7
emotion
3
emotion
5
emotion
3
emotion
5
emotion
4
emotion
3
Dostlarınla paylaş:
1 il əvvəl
2087 dəfə oxundu
ilk.az-çılar nə deyir?