Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

AZƏRTAC Azərbaycanın gənc istedadları haqqında silsilə məqalələri davam etdirir. Bu dəfə idmançı Leyla Bəşirova haqqında danışacağıq. Həmsöhbətimiz idman akrobatikası üzrə Dünya Çempionatının bürünc mükafatçısı (İsveçrə, 2021-ci il), idman akrobatikası üzrə Avropa çempionatının bürünc mükafatçısı (İtaliya, 2021-ci il), idman akrobatikası üzrə Dünya Çempionatının mükafatçısı (Azərbaycan, 2022-ci il), idman akrobatikası üzrə Dünya Kubokunun mükafatçısıdır (Polşa, 2022-ci il).

Leyla idmançı ailəsində böyüyüb və beş yaşından idmanla məşğul olmağa başlayıb.

“Hələ kiçik yaşlarımdan məndən adımın nə olduğunu soruşanda “Gimnastika” deyə cavab verirdim”, - Leyla gülümsəyir. İdmanla məşğul olmaq ən böyük arzum idi, burada hesab edirəm ki, genetika da öz rolunu oynayıb. Valideynlərim idmançıdır, idman ustalarıdır. Atam Vüqar Bəşirov idman akrobatikası, anam Səbinə Bəşirova idman gimnastikası üzrə. Anam məşqçi işləyirdi. Üç yaşımdan onunla birgə zala gedirdim, orada sadəcə olaraq qaçırdım. Bu mənim çox xoşuma gəlirdi. Beş yaşımdan bədii gimnastika ilə məşğul olmağa başladım. Anam mənim ilk məşqçim oldu.”

Bədii gimnastika ilə Leyla altı il məşğul olub. Lakin idmançının dediyinə görə, ekstremal hərəkətlər onu daha çox cəlb edib. Məhz bu həvəsi onu 11 yaşında məşğul olduğu idman növünü dəyişməyə sövq edib. Beləliklə, Leyla məşqçi, idman ustası, Azərbaycanın idman akrobatikası üzrə yığmasının baş məşqçisi İradə Qurbanovanın yanında idman akrobatikası ilə məşğul olmağa başlayıb.

“Bəlkə də mənə akrobatikaya həvəs atamdan keçib”, - həmsöhbətimiz deyir. – Əvvəlcə hər şey bir az çətin gəlirdi: yeni insanlar qrupuna qoşulmaq lazım gəldi”.

Bədii gimnastika ilə məşğul olan Leyla Respublika Çempionatında iştirak edib, habelə Gürcüstanda keçirilən yarışlara qatılıb və üçüncü yeri tutub. Lakin ən parlaq qələbələr onu məhz idman akrobatikasında gözləyirdi. “Biz respublikada keçirilən çempionatların hər birində iştirak etmişik, həm birinci, həm də ikinci yerləri qazanmışıq. 2021-ci ildə isə dərhal pandemiyadan sonra İsveçrədə dünya çempionatı keçirildi və biz orada bürünc medal qazandıq”, - deyə idmançı əlavə edir.

Pandemiya dövründən söz açan həmsöhbətimiz həmin müddətin onun və idman yoldaşları üçün olduqca mürəkkəb və çətin olduğunu deyir:

“Komandamızda üç qız var idi – mən, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanova. Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir. Əgər heç olmasa cəmi bir həftə komanda üzvlərinlə birgə məşq etmirsənsə, bu həssas nöqtə itirilir, daha sonra onu bərpa etmək çətin olur. Pandemiyada isə düz bir il fasilə yarandı! 2020-ci ilin mart ayında öyrəndik ki, zalda məşq etmək qadağan olunub. Müəyyən müddət isə ümumiyyətlə məşq etmədik, elə bilirdik ki, hər şey yoluna düşəcək... Daha sonra isə hər kəs öz evində olmaqla onlayn məşqlərə başladıq: sadəcə formada qalmaq üçün məşq edirdik, daha sonra isə birlikdə yaşamağa qərar verdik. “Üstdəki” qızımızın - Nəzrinin evində qalmağa başladıq. Biz bir-birimizi elə adlandırırıq: “”altdakı”, “ortadakı”, “üstdəki”. Mən “ortadakı” idim, Mənsumə məni qaldırırdı, mən isə Nəzrini”.

Akrobatların gündəlik məşqləri kifayət qədər intensiv rejimdə keçirdi:

“Adətən məşqə səhər saat 9-da gəlirdik və 12:30-a qədər qaçırdıq, isinirdik. Saat 12:30-dan 13:00-dək nahar edirdik, sonra saat 15:00-16:00-a kimi oxuyurduq - kimimiz məktəbdə, kimimiz institutda. Sonra axşam 19:00-20:00-a qədər davam edən ikinci məşqə qayıdırdırq”.

Leylanın dediyinə görə, təhsili və peşəkar idmanı eyni anda davam etdirmək çox çətindir. Həmsöhbətimiz 9-cu sinfə qədər liseydə oxuyub, daha sonra isə idman məktəbində təhsilini davam etdirib. Peşəkar yarışlara hazırlıq kifayət qədər ciddi şəkildə aparılır. Yarışa iki həftə qalmış idmançılar idman düşərgəsinə köçürlər, orada yaşayırlar və bir qayda olaraq, gün ərzində iki-üç dəfə məşq edirlər.

“Adətən səhər saat 7-də oyanırsan, qəlyanaltı edirsən, saat 8-də isə idmana, qaçışa və hazırlığa gedirsən, - Leyla deyir. Sonra dincəlirsən və saat 11-də ikinci məşqə gedirsən, orada artıq proqramdakı tapşırıqları yerinə yetirirsən. Daha sonra nahar və istirahət saatı gəlir, saat 18:00-da isə üçüncü məşq başlayır”.

Leylanın sözlərinə görə, idmançılar əlbəttə ki, yarışdan qabaq həyəcan keçirirlər, bu an isə onlara daha çox bir-birinin mənəvi dəstəyi kömək edir:

“Bizim psixoloqlarımız da var idi, ancaq hər kəsdən çox biz özümüz bir-birimizə kömək edirdik. Mənə öz komandam kömək edirdi. Mən bir az hay-küyçüyəm (gülür), amma qızlar mənə hər zaman dəstək olurdular. Daha sonra isə mən də onlara mənəvi dəstək olmağı öyrəndim”.

Leylanın xatirəsində ən parlaq təəssüratı 2022-ci ildə Bakıda keçirilən Dünya Çempionatı buraxıb.

“Bu yarışlara düz dörd il hazırlaşmışıq... Çempionat haqqında hər zaman əvvəlcədən məlumat verilir, biz bilirdik ki, o Bakıda keçiriləcək. Ölkənizdə çıxış etmək daha çətindir. Heç kimin səni tanımadığı xarici ölkəyə uçanda bu zaman vəziyyət tamamilə başqa cür olur. Burada isə bütün heyət səni tanıyır, məşqçilər, digər idmançılar ... Ancaq özümüzü aşa bildik və qızıl medalı qazandıq.”

Dünya kubokunu qazandıqdan sonra Leylanın komandası Polşada keçirilən Dünya Kubokunda da çıxış etdi və burada da qızıl qazandı. Bu, Leylanın son böyük yarışı oldu - belindəki zədə səbəbindən artıq ağır yük qaldırmaq olmazdı. Beləliklə, idmançı peşəkar idmandan ayrılmaq qərarına gəldi.

“Əlbəttə, bunun nə demək olduğunu bilirdim. Amma yenə də karyeramı bitirməyə hazır deyildim. Bu idman növünü çox sevirəm”, - Leyla deyir. - İlk vaxtlar məşq etmirdim, heç nə etmək istəmirdim. Anladım ki, özümü pis hiss edirəm, sanki xəstələnmişdim. Sonra qızlar məni məşq etməyə vadar etdilər və bundan sonra yaxşılaşdım. Sonra başa düşdüm ki, bədənimin sadəcə olaraq idmana ehtiyacı var. Buna görə də indi həftədə ən azı 3-4 dəfə məşq etməyə çalışıram.”

Bundan əlavə, Leyla pilates üzrə məşqçi olmağa qərar verib və akrobatik şou təşkil etməyi planlaşdırır.

“Bu ideya hər zaman beynimdə dolanıb. Mən böyük akrobatik şou təşkil etmək və onu alov şousu ilə birləşdirmək istəyirəm”, - idmançı əlavə edir. Bu yaxında ailə qurmuşam, həyat yoldaşım da akrobatdır. Biz bu şounu birlikdə hazırlamaq istəyirik və artıq məşəlçilər komandası da tapmışıq. Biz bu proqramla yaxın vaxt ərzində Türkiyəyə səfər etməyi planlaşdırırıq”.

Leyla qətiyyən fasilə vermək barədə düşünmür, əksinə, bu ideyanı irimiqyaslı və dünyaşöhrəti qazana biləcək bənzərsiz şouya çevirməyi arzulayır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
539 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 18
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47