Millinin sabiq üzvü: “Neftçi”dən uğursuz start gözləmirdim, “Kəpəz” bu mövsüm sürpriz edə bilər
Hələ ki iki tur arxada qalıb. İndidən komandalar barədə ətraflı danışmaq tezdir.
Bu sözləri veteran futbolçu Emin İmaməliyev Azərbaycan Premyer Liqasının II turunun oyunlarını şərh edərkən deyib.
O, “Qarabağ” – “Kəpəz” (3:0) oyununda meydan sahiblərinin rahat qələbə qazandığını bildirib: “Ağdam klubu barədə geniş danışmağa ehtiyac yoxdur. Onlar bu il də çempionluğa əsas namizəddir. Son görüşdə də istədikləri üç xalı asan şəkildə qazandılar. “Kəpəz”ə gəlincə, komanda liqaya uğursuz başlasa da, Gəncə təmsilçisini hesabdan silmək düzgün çıxmaz. Futbol tarixində sürprizə imza atmış komandaların şahidi olmuşuq. Məncə, “sarı-göylər”dən də hər şey gözləmək mümkündür”.
Mütəxəssis “Araz-Naxçıvan” – “Şamaxı” (1:0) görüşünün ədalətli nəticəsinin heç-heçə olduğunu söyləyib: “Naxçıvan klubu qol epizodları baxımından “Şamaxı”dan üstün olsa da, eyni səviyyəli oyuna şahidlik etdik. “Şamaxı” birillik fasilədən sonra yenidən Premyer Liqaya yüksəldi. Komandanın heyəti yenidir və nəticələrə görə səbir etmək lazımdır”.
Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində məşqçi kimi çalışan E.İmaməliyev “Neftçi”nin “Səbail”lə (1:1) heç-heçə etməsini uğursuzluq adlandırıb: “Komanda tarixində ilk dəfə mövsümə iki heç-heçə ilə başladı. Bu, “Neftçi” üçün uğursuz başlanğıc oldu. Mən “ağ-qaralar”dan bu nəticəni gözləmirdim. Çünki onlar hər zaman çempionluq mübarizəsi aparan kollektiv olublar. Düşünürəm ki, qarşıdakı matçlarda toparlanacaqlar. “Səbail”ə gəlincə, heyəti yenilənsə də, öz meydanlarında iddialı yerlər uğrunda mübarizə aparan rəqibdən xal almaq böyük işdir”.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinin fikrincə, “Turan Tovuz”un ötən gün “Sumqayıt”a (1:0) qalib gəlməsi sürpriz olmayıb: “Tovuz səfəri bütün komandalar üçün ağır keçib. Bu bölgədən üç xalla ayrılmaq çox çətindir. Ötən gün də komanda əla oyun nümayiş etdirdi. İlk 15 dəqiqədə meydanda dominant tərəf “Turan Tovuz” idi. Düzdür, ikinci hissədə “Sumqayıt”ın epizodları olsa da, tovuzluların layiqli qələbə qazandığını düşünürəm. “Sumqayıt” da bu mövsüm medallar və Avropaya vəsiqə uğrunda mübarizə aparacaq. Yaxşı heyətləri var”.
Son olaraq “Sabah” – “Zirə” (0:2) qarşılaşması barədə fikirlərini bölüşən məşqçi deyib: “Hər iki komanda Konfrans Liqasında mübarizə apardıqları üçün diqqətlərini həmin turnirə yönəldiblər. Əslində oyundan əvvəl bu görüşün heç-heçə başa çatacağını təxmin edirdim. Lakin “Sabah” komandası ötən il olduğu kimi mövsümə istədiyi kimi başlamadı. Sanki kollektiv öz işini çox gec yoluna qoyur. Bəlkə də avrokubokların təsiri burada öz sözünü deyir. “Zirə” isə bu il də medallara və çempionluğa namizədlər arasındadır”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında III turun oyunlarına avqustun 16-da start veriləcək.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
369 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)