NDU-nun Beynəlxalq Kembric Məktəbində 2024-2025-ci tədris ilində 80 şagird təhsil alacaq
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən 2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil sisteminə inteqrasiyası və müasir tədris imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Kembric Beynəlxalq Təhsil Sistemi ilə işləyən məktəbin yaradılması isə bu proqramın bir hissəsi olaraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. NDU-nun Beynəlxalq Kembric Məktəbinə 2024-2025 tədris ili üçün 1-ci sinif və 6-cı siniflər üzrə hər biri 40 nəfər olmaqla, ümumilikdə, 80 şagird qəbul olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri ali təhsil ocağının rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində yeni qəbul olunan şagirdlərin valideynləri ilə görüşdə deyib. Elbrus İsayev, məktəbin Kembric Beynəlxalq Təhsil Sistemi əsasında fəaliyyət göstərdiyini və bu tədris modelinin ölkəmizin digər universitetlərində hələ tətbiq olunmadığını qeyd edib. Rektor valideynləri təbrik edərək, şagirdlərin təhsilinə xüsusi diqqət göstəriləcəyini və onların inkişafı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb. Eyni zamanda, şagirdlərin psixoloji dəstəklə təmin olunacağını və bunun üçün müxtəlif məşğələlərin keçiriləcəyini bildirib.
Tədbirdə məktəbin direktoru Bayram Əliyev Kembric standartlarına cavab verən tədris laboratoriyaları, kitabxana, idman meydançaları və imtahan mərkəzi haqqında məlumat verib. Bayram Əliyev hazırda məktəbdə 19 müəllimin çalışdığını və onların hər ayın sonunda bacarıqlarının qiymətləndiriləcəyini qeyd edib, dərs cədvəli və şagirdlərin geyim formalarının dizaynı ilə bağlı valideynlərə məlumat verib.
Direktor bildirib ki, bütün tədris ingilis dilində aparılır və müəllimlərdən IELTS imtahanında ən azı 6,5 bal toplamaq tələb olunur. Bundan əlavə, şagirdlərə Azərbaycan dili və ikinci xarici dilin öyrənilməsi də tədris proqramına daxildir. Müəllimlər üçün mütəmadi olaraq ingilis dili imtahanları və peşəkar inkişaf imkanları yaradılacaq. Bu məqsədlə CELTA, Kembric müəllimlər üçün təlimçi sertifikatı, DELTA Modul 1 və Kembric CEFR C2 sertifikatlarına, Kembric məktəblərində 24 illik təcrübəyə malik Fabian Chavez artıq NDU Beynəlxalq Kembric məktəbinə dəvət olunub. O, dərslərin akademik keyfiyyətinin ölçülməsi, müəllimlərə konstruktiv feedbackların verilməsini də həyata keçirəcək.
NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə valideynlərə şagirdlərin nailiyyətlərini elektron sistem vasitəsilə izləyə biləcəklərini bildirib. Eyni zamanda, tədris müddətində şagirdlərə Kembricdə yay məktəbləri, olimpiadalarda iştirakların təklif ediləcəyi vurğulanıb. Şagirdlərin transferi ilə bağlı məlumatlar da valideynlərin diqqətinə çatdırılıb.
Sonra suallar cavablandırılıb, valideynlər məktəbdə tədris üçün yaradılan şəraitlə tanış olublar.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
384 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)