Qardaşına savaş açan, bacısının intiqamını almaq istəyən Səlim xan kimdir?

Qardaşına savaş açan, bacısının intiqamını almaq istəyən Səlim xan kimdir?

XVIII əsr Azərbaycan tarixinin müstəqil xanlıqlar dövrü xanlıqlar arası mübarizələrlə yanaşı, hakimiyyət uğrunda savaşlar, ailədaxili münaqişələr və nikah diplomatiyası kimi diqqət çəkən məqamlarla da xatırlanır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, dövrün tələbi ilə bir xanlıq digəri üzərində hegemonluq etmək, ərazisini daha da genişləndirmək üçün rəqibi ilə ağır savaşlara girdiyi kimi, sülh bağlamaq üçün nikah diplomatiyasına da əl atmalı olurdu. O cümlədən də Qarabağ və Şəki xanlıqları arasında rəqabətdən doğan mübarizə ilə yanaşı, möhkəm qohumluq ənənələri mövcud idi. Bu qohumluq əlaqələri Səlim xanın dövründə daha da möhkəmlənmişdi. Səlim xan iki dəfə - 1795–1797-ci və 1805–1806-cı illərdə Şəki xanlığını idarə edib.

“Yuxarı Baş” Dövlət Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulovanın sözlərinə görə, Səlim xan ilk dəfə hakimiyyətə gəlmək üçün qardaşı Məhəmmədhəsən xanla mübarizə aparmaq məcburiyyətində qalıb. Qardaşına qarşı qoşun toplayan Səlim xanla Məhəmmədhəsən xan arasında Göynük kəndi yaxınlığında döyüş baş verir. 1795-ci ildə qardaşının Dəvəli Mustafa xan Qacar tərəfindən kor edilərək Təbrizə göndərilməsindən istifadə edən Səlim xan taxta çıxır. Ancaq bu hakimiyyət uzun sürmür, iki il sonra Məhəmmədhəsən xan yenidən hakimiyyətə qayıdır. 1805-ci ildə rusların dəstəyinə arxalanan Səlim xan ikinci dəfə qardaşını taxtdan salaraq özünü Şəki xanı elan edir. İkinci dəfə hakimiyyətə gələn Səlim xan 1805-ci il mayın 21-də Kürəkçay müqaviləsini imzalayaraq, Rusiyadan siyasi asılılığı qəbul edir.

Qeyd etmək lazımdır ki, Səlim xanın Kürəkçay müqaviləsini imzalamasında Qarabağ xanı İbrahimxəlil xanın da müəyyən rolu olub. Səlim xanın Qarabağ xanı İbrahimxəlil xanla sıx qohumluq əlaqəsi var idi. İbrahimxəlil xan Səlim xanın qayınatası, Səlim xanın bacısı isə İbrahimxəlil xanın arvadlarından biri idi.

Elmi işçi Zəminə Rəsulova bildirir ki, 1806-cı ilin iyun ayında rus qoşununun komandanlığı İbrahim xanın İrana meyl etməsindən şübhələnib və bu səbəbdən onu bəzi ailə üzvləri və qulluqçuları ilə birlikdə gülləbaran edir, nəticədə Səlim xanın bacısı da öldürülür.

Həmin hadisəyə qədər hakimiyyətdə qalmaq üçün rus komandanlığına arxalanan, hakimiyyət uğrunda qardaşına savaş açan Səlim xan bacısının öldürülməsini öyrənir və çox sərt reaksiya verir. Rus qoşunlarına qarşı münasibəti kəskin dəyişir və onları Şəkidən çıxmağa məcbur edir. Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur olur. Ancaq təbii ki, Səlim xanın bu hərəkəti rus qoşunlarının komandanlığını hiddətləndirir və Şəki şəhəri az sonra ruslar tərəfindən tutulur, Səlim xan hakimiyyətdən uzaqlaşdırılır. Nəticədə o, Şəkini də tərk etməyə vadar olur.

Hakimiyyət uğrunda savaşda qardaşını özünə düşmən bilən Səlim xanın bacısına olan sevgisi sonda onu məğlubiyyətə uğradır.

Bu ağır və acılı məğlubiyyətdən sonra İrana gedən Səlim xan hakimiyyətini geri qaytarmaq ümidi ilə silahlı dəstə toplayaraq bir neçə dəfə Şəkiyə yürüş etsə də, uğur qazana bilməyərək geri çəkilir. Səlim xan bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdadakı canişininin yanına gedərək, siyasi sığınacaq istəyir. Səlim xana sahib çıxan Osmanlı dövləti, həm də ona aylıq 2500 quruş maaş təyin edir. Səlim xana əvvəl Ərzurumda, sonra isə Ankarada yaşamaq izni verilir. Həcc ziyarətinə gedən Səlim xan 1826-cı il aprelin 12-də Ankara yaxınlığındakı Qırşəhərdə vəfat edir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
493 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 46 dəq. əvvəl
  • 15
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46