Telefon rabitəsi - İKT - Rəqəmsal inkişaf

Azərbaycanda rabitə əlaqələrinin yaranma tarixi

Rabitə əlaqələri qədim dövrlərdə çaparlar, qasidlər, karvanlar və digər formalarda mövcud olub. 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətainin fərmanı ilə ilk poçtun əsası qoyulub. Sonrakı dövrlərdə də rabitə əlaqələri get-gedə daha da inkişaf edib, tərəqqi yaşayıb. 1818-ci ildə Gəncədə ilk poçt kontoru açılıb. 1860-cı ildə Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilib. 1864-cü ildə Naxçıvan və Culfanı birləşdirən ilk teleqraf xətti istismara verilib. 1880-ci ilin sonlarında Azərbaycanda ilk telefon xətti - "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən təsis olunub.

Telefon rabitəsi

Rabitə əlaqələrinin inkişafı ilə bağlı ən mühüm hadisələrdən biri 1881-ci ilə təsadüf edir. Belə ki, həmin ilin yanvarında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaqdan ötrü Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib. Bu müraciətə müsbət baxılıb və 1881-ci il fevral ayının 18-də icazə verilib. Həmin ilin noyabrının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Bu vacib hadisə ölkəmizdə ilk dəfə telefon xəttinin çəkilməsi kimi tarixə düşüb.

1886-cı ildə Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illiyinə istifadəyə verilməsi barədə Baş Poçt və Teleqraf İdarəsi ilə Moskvanın I dərəcəli taciri Qustav İvanoviç List arasında müqavilə bağlanıb. Bakıda yaradılan bu şəbəkənin 40 telefon istifadəçisi olub. 1900-cü ildə Bakı ilə Dərbənd arasında poçrun dəmir yolu ilə daşınmasına başlanılıb.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradılması poçt və teleqrafın inkişafına mühüm töhfələr verib. 1918-ci ildə yaradılmış müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis olunub. İlk rabitə nazirləri Məlikaslanov, A. Aşurov və C. Hacınski olublar. 1 mart 1919-cu ildə Azərbaycan Teleqraf Agentliyi yaradılıb. Həmin ilin oktyabr ayında Azərbaycan əsgərinə hesr olunmuş ilk poçt markası buraxılıb.

1920-cı ildə Azərbaycan Sovet hakimiyyətinin tərkibinə alındıqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. 1926-cı ildə Azərbaycan dilində müntəzəm radio verilişləri efirə çıxıb və ilk dəfə olaraq naqilli radio yayımı fəaliyyətə başlayıb.

1953-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılıb. 14 fevral 1956-cı ildə Azərbaycanda ilk dəfə televiziya yayımı (AzTV-1) fəaliyyətə başlayıb.

Ötən əsrin əllinci illərində rabitə sahəsinə aid mütəxəssislərin yetişdirilməsinə böyük önəm verilib. Bu məqsədlə 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti ali məktəblərdə yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul edib.

1965-ci ildə Azərbaycan Politexnik İnstitunda "Telefon və teleqraf rabitəsi" ixtisası üzrə mühəndislərin ilk buraxılışı olub.

Azərbaycanda rabitə sisteminin əsas inkişaf mərhələsi XX əsrin 70-80-ci illərini əhatə edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişafı istiqamətində gördüyü işlər böyük əhəmiyyətə malikdir. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Respublika rabitəvasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılıb və tarixi qərar qəbul edilib. Qərarda qeyd olunub ki, respublikanın üç ən böyük şəhəri - Bakı, Gəncə və Sumqayıtda telefon rabitəsi qənaətbəxş deyil, sovkozların və kolkozların böyük hissəsi telefonlaşdırılmayıb. Buna görə bu geriliklərin aradan qaldırılması, rabitə vasitələrinin təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilib.

Rəqəmsal inkişaf

Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il bir ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçünlazımi vəsatitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.

Görülən işlər nəticəsində 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artıb.

Ötən əsrin 70-80-ci illərində rabitənin inkişafı republikanın digər bölgələrini də əhatə edib. Gəncədə, Sumqayıtda, Naxçıvanda rabitə binaları titikilib, ATS-lər yaradılıb.

1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olub. Şəhər telefon şəbəkəsi abunəçilərinin sayı 234 mini ötüb.

1979-cu ildə Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən Bakıda tikilməsi nəzərdə tutulan 310 metrlik yeni Teleqüllənin layihəsi təsdiq olunub. 2 il sonra obyektin tikintisinə başlanılsa da, bəzi obyektiv və subyektiv səbəblərə görə Yeni Teleqüllənin istismara verilməsi bir qədər ləngiyib.

1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra ölkəmizdə bir çox sahənin, o cümlədən rabitənin inkişafında yeni dövr başlayıb. Heydər Əliyevin misilsiz siyasəti, mühüm tədbirləri nəticəsində ölkəyə xarici investorlar cəlb olunub. Bu isə rabitə sahəsinin tərəqqisində əsl dönüş nöqtəsi sayılır.

1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin "Teletaş""Netaş" şirkətləri tərəfindən Bakı, Sumqayıt, Gəncə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulub. "Aztelekom" İB-də 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın "Motorola" şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərə "Bakcell", Türkiyə rabitəçilərinin dəstəyi ilə "Azərcell" və digər birgə müəssisələr yaradılıb.

Azərbaycanda rəqəmsal inkişaf

Ölkəmizdə 1998-ci il rabitədə dönüş ili, texniki inqilab ili adlandırılıb. Həmin il respublikada 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurularaq istifadəyə verilib.

1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 %-i, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 % elektronlaşdırılıb, əsas telefon aparatlarının sayı bir milyona çatdırılıb, Azərbaycan Trans-Asiya-Avropa kabel magistralına qoşulub, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılıb, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunub.

Ümummilli lider Heydər Əliyevin 17 fevral 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiq edilməsi haqqında sərəncamı ölkəmizdə rabitənin inkişafı baxımından atılmış ən vacib addımlardan biri hesab olunur. Bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.

informasiya və kommunikasiya texnologiyaları

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı baxımından böyük uğurlar əldə olunur

Azərbaycan bütün sahələrdə sürətli inkişaf mərhələsi yaşayır. Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın enerji amilindən asılılığını son dərəcə azaldıb. Ölkəmizdə həyata keçirilən sosial, iqtisadi layihələr telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafına müsbət təsir göstərib. İKT-nin inkişafı ilə bağlı mühüm addımlar atılıb.

Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi ölkəmizin qarşısında duran əsas məsələlərdən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev İKT-nin inkişafına xüsusi diqqətlə yanaşır. İKT-nin sürətli inkişafı ilə bağlı verilən fərman və sərəncamlar bunun bariz nümunəsidir. Ölkə başçısının 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", həmçinin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli fərman ölkədə İKT sektorunun inkişafına vacib şərait yaradıb. 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyət baxımından yeni mərhələyə yüksəldiyini göstərir.

informasiya texnologiyaları

Azərbaycanda telekommunikasiya sahəsində qazanılan uğurlar yeni texnologiyaların tətbiqinə şərait yaradır. Əhaliyə internet xidmətlərinin göstərilməsində ciddi uğurlar əldə olunub. Ölkədə internet istifadəçilərinin sayı get-gedə artır.

XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, həmçinin iqtisadiyyatda önəmli yer tutan informasiya və kommunikasiya məhsulları sektorunun yaradılması sahəsində ciddi uğurların əldə olunması onu deməyə əsas verir ki, ölkəmiz iqtisadi cəhətdən qüdrətli dövlətdir.

İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin davamlı inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş bir çox dövlət proqramları ("Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və s.) və digər normativ-hüquqi aktlar bu sahənin dayanıqlı inkişafında müstəsna rol oynayır və rəqəmsal transformasiya proseslərinin sürətli şəkildə reallaşmasını şərtləndirir.

İKT yüksək göstəricilərə malik inkişaf etmiş iqtisadiyyatın vacib tərkib hissəsidir. İKT sektoruna telekommunikasiya sənayesi də daxil olmaqla, genişçeşidli istehsal və xidmət sektorları daxildir. Biznes subyektləri və istehlakçılar arasında kommunikasiya və məlumat mübadiləsinə şərait yaradaraq, İKT, cəmiyyətin, dövlətin və iqtisadiyyatın inkişafında dəstəkləyici rola malik olur. İKT-nin geniş miqyasda tətbiqi yeni iş yerlərinin yaradılmasına və məhsuldarlığın artmasına ciddi mənada təsir göstərir.

İKT inkişaf

İKT-nin tətbiq edildiyi sənaye sahələrində məhsuldarlıqda nəzərəçarpacaq artım müşahidə olunur və ən qabaqcıl texnologiyalardan istifadə edən KOS subyektləri daha sürətlə inkişaf edir.

İKT sektorunun mühüm tərkib hissəsi olan telekommunikasiya infrastrukturu və texnologiyası biznes fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, telekommunikasiya sənayesi mobil cihazlar vasitəsilə aparılan əməliyyatlar, həmçinin elektron ödənişlər və digər elektron əməliyyatlar üçün platforma təşkil edir.

Ölkədə rəqəmsal inkişafın səviyyəsi

Qloballaşma prosesində, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bir sıra ictimai həyat təçrübələri elektron və rəqəmsal mühitlə əvəz olunub. Belə ki, İKT və şəbəkə texnologiyalarından istifadə nəticəsində iqtisadi əlaqələrin qurulması, lokal və qlobal şəbəkələrdən istifadə, iri müəssisələrdə korporativ şəbəkə və sistemlərin yaranması və s. bu kimi məsələlər iqtisadiyyatın bir sahəsi olan rəqəmsal iqtisadiyyatın yaranmasına səbəb oldu. Bunun əsasında inkişaf edən informasiya texnologiyaları cəmiyyətə e-kommersiya, e-ticarət, e-idarəetmə və e-hölumət kimi anlayış və faktları özü ilə bərabər gətirib.

İqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat quruculuğu dayanıqlı və təhlükəsiz infrastruktur quruculuğu ilə sıx bağlıdır. Çünki bir qayda olaraq dayanıqlı və təhlükəsiz infrastruktur olmadan həm iqtisadiyyatın rəqəmsallaşması, yəni iqtisadiyyatda, iqtisadi münasibətlərdə İKT-dən istifadə, həm də rəqəmsal iqtisadiyyata keçid və onun qurulması, yəni rəqəmsal texnologiyalar əsasında rəqəmsal məhsulların yaradılması – istehsalı mümkün ola bilməz.

rəqəmsal texnologiyalar

Vətən müharibəsindəki möhtəşəm qələbədən, ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra dövlətimizin qarşısında Qarabağın bərpası və regionun iqtisadi inkişafının təmin olunması kimi vacib məsələlər dayanır. Ən vacib məsələlərdən biri regionun rəqəmsal inkişafına diqqət yetirməkdir.

Qarabağda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi olduqca vacibdir. Çünki iqtisadi sahələrin tərəqqisi məhz rəqəmsal texnologiyaların köməyi ilə əldə olunur. Ölkə başçısı da işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər""ağıllı kənd" konsepsiyalarının reallaşmasına böyük əhəmiyyət verir.

Azərbaycanda aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün vacib baza yaradır. Regionun enerji və nəqliyyat mərkəzi statuslarına sahib olan Azərbaycanın artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq və regionun rəqəmsal mərkəzinə çevrilmək imkanı vardır.

Müəllif: Sərxan Sənan

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4187 dəfə oxundu
ilk.az-çılar nə deyir?