Təsərrüfat rəhbəri: Suqovuşanda qırqovulların təbii şəraitdə artırılmasını planlaşdırırıq
Son illərdə respublikamızda ənənəvi quşçuluq təsərrüfatları ilə yanaşı, ekzotik quşçuluq təsərrüfatlarının sayı da artmaqdadır. Belə təsərrüfatlardan biri də Bərdə rayonunun Əyricə kəndi ərazisində fəaliyyət göstərir. Burada qırqovulun bir neçə növü, həmçinin kəklik, turac, bildirçin kimi çöl quşları yetişdirilir.
Təsərrüfatın rəhbəri Fərid Nəcəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu ildən fəaliyyət göstərən təsərrüfatda 500-ə yaxın quş saxlanılır: “Təsərrüfatımızda əsas üstünlüyü qırqovullar təşkil edir. Əsasən “Qafqaz”, “Almaz”, “Qızılı” və “Gümüşü” qırqovullar yetişdiririk. Quşların çoxaldılması inkubatorlar vasitəsilə həyata keçirilir”.
Söhbət zamanı məlum olur ki, qırqovullar 24 gün ərzində yumurtadan çıxır, 40-50 günə yetişkin dövrə çatır. İnqibatorlar vasitəsilə bir ildə 400-500 bala alınır.
Təsərrüfatdakı qırqovullar ilk 5-6 gün yumurta sarısı ilə mayalanır, növbəti 15-20 gün qara un, şəkər yemi, yumurta qarışığı ilə, növbəti 20 gündə isə qarğıdalı, buğda ilə qidalanır. Yetişkin dövrə çatmış qırqovul 25-40 manata satılır.
Fərid Nəcəfov gələcəkdə qırqovulların işğaldan azad olunmuş ərazilərdə təbii şəraitdə artırılması ilə bağlı layihə həyata keçirməyi nəzərdə tutduğunu deyir.
“Qırqovullar həşəratlarla qidalanaraq, yaşadıqları ərazidə yaşıl sahələrin qorunmasına kömək edir. Qırqovullar özləri də müxtəlif yırtıcı heyvanların və quşların yemidir. Biz ekologiyanın yaxşılaşdırılması və biomüxtəlifliyin artması üçün işğaldan azad edilmiş torpaqlarımızda, xüsusən də Suqovuşan ərazisində qırqovulların təbii şəraitdə artırılmasını planlaşdırırıq. Bu layihənin həyata keçirilməsi ilə bölgədə biomüxtəlifliyin artırılmasına və turizmin inkişafına töhfə vermiş olarıq”, – deyə o bildirib.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
369 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)