Veteran futbolçu: Zədəlilərin olması “Qarabağ”ın performansına mənfi təsir göstərməyəcək
Qrup mərhələsinə vəsiqə uğrunda “Dinamo” və “Qarabağ” komandaları arasında maraqlı və gərgin mübarizə gedəcək. Çünki hər iki kollektiv də olduqca istəklidir.
Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Aqil Nəbiyev “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə bu gün keçirəcəyi ilk oyun barədə danışarkən deyib.
Veteran müdafiəçi Zaqreb təmsilçisinin turnirin sürpriz komandalarından biri olduğunu bildirib: “Düşünürəm ki, bizi həyəcanlı qarşılaşma gözləyir. Xorvatiyalılar həmişə maraqlı futbol oynayıblar. Hər zaman öz akademiyalarından Avropada söz etdiriblər. Ümumiyyətlə, çox keyfiyyətli kollektivdir. Buna baxmayaraq, “Qarabağ” da qrup mərhələsinə vəsiqə qazana biləcək potensiala malikdir. Çünki Qurban Qurbanovun yetirmələri son illər ölkəmizi Avropada ən yüksək səviyyədə təmsil edirlər. Artıq bu klubu Avropa komandası da adlandırmaq olar. Onların qitənin nüfuzlu klub turnirlərində əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Ona görə də düşünürəm ki, sonda növbəti raunda yüksələn tərəf biz olacağıq”.
A.Nəbiyevin sözlərinə görə, Ağdam təmsilçisinin heyətində zədəli futbolçuların olması komandanın performansına mənfi təsir göstərməyəcək: “Qarabağ”ın şanslarını yüksək qiymətləndirsək də, heyətdə zədəli oyunçuların olduğunu da nəzərə almaq lazımdır. Bu amil onlara problem yaşada bilər. Amma III təsnifat mərhələsində “Ludoqorets”ə (Bolqarıstan) qarşı cavab görüşündə gördük ki, futbolçularımız zədəlilərin yoxluğunu hiss etdirmədilər və rəqib qapısından 7 qol keçirdilər. İnanıram ki, bu dəfə də son ana kimi layiqincə mübarizə aparacaqlar”.
Qeyd edək ki, Zaqreb şəhərində yerləşən “Maksimir” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)