"Fənərbağça" idman klubu 112 illik tarixi ərzində bir-birindən böyük uğurlara imza atıb. Bu uğurlar klubun formasını geymiş oyunçularla bağlıdır. Onlar müdafiə və hücum xəttində nümayiş etdirdikləri inamlı oyunla klubun tarixinə düşməyi bacarıblar. "Fənərbağça"da ən çox qol vurmuş futbolçuları təqdim edirik.

10. Semih Şentürk



Semih Şentürk 1999-cu ildə "Fənərbağça"nın ikinci heyətinə qoşulub və ilk dəfə 2001-2002 mövsümündə klubla peşəkar müqavilə imzalayıb. Semih Şentürk 11 illik "Fənərbağça" karyerasında 86 qola imza atıb.

9. Şeref Has


1955-1973-cü illər ərzində "Fənərbağça"nın formasını geyinmiş Şeref Has bu müddətdə 87 qol vurub. O, həmçinin klubda ən çox oyun keçirən futbolçu kimi tarixə düşüb.

8. Ogün Altıparmak


Ogün Altıparmak 1962-1963 mövsümündə ayağı sındığı halda "Fənərbağça"ya transfer olub. Klub bu addımına görə sərt tənqid olunub. Lakin Ogün vurduğu gözəl qollarla azarkəşlərin rəğbətini qazana bilib. O, "Fənərbağça"da bu müddətdə 56 qol vurub. 1967-1968 mövsümündə "Washington Whips" klubuna transfer olunub. Burada 4 mövsüm ərzində 33 qola imza atıb. 1970-71 mövsümündə "Fənərbağça"ya qayıdıb və daha 16 dəfə fərqlənib.

7. Fikret Arıcan


12 yaşından etibarən "Fənərbağça"nın formasını geyinən Fikret Arıcan ilk peşəkar müqaviləsini 1933-34 mövsümündə imzalayıb. 1955-56 mövsümünə qədər "sarı-lacivərtli" klubda oynayan Arıcan, yarım mövsüm də "Adana Demirspor"da oynayıb. "Böyük Fikret" ləqəbli futbolçu "Fənərbağça"da 111 qola imza atıb.

6. Cemil Turan


Cemil Turan Türkiyə tarixinin ən böyük futbolçularından biridir. İlk dəfə 1971-72 mövsümündə "Fənərbağça" formasını geyinib və 8 ildə 127 qol sahibi olub.

5. Naci Bastoncu


1933-1934 mövsümündə "Fənərbağça"ya transfer olan Naci Bastoncu burada keçirdiyi ondan artıq mövsümdə 159 qol vurub. Ona trabzonlu olduğuna görə "Taka" ləqəbi verilib.

4. Melih Kotanca


1937-38 mövsümündə "Fənərbağça"ya transfer olunan Kotanca, 1947-48 mövsümünə qədər klubun formasını geyinib. Melih Kotanca "Fənərbağça"da 12 kubok qazanıb. O, klubun ən çox qol vuran oyunçularından biridir.

3. Alex de Souza


Alex hamının sevgisini qazanmış böyük futbolçudur. 2003-2004 mövsümündə "Cruzeiro" klubundan "Fənərbağça"ya transfer olunan Alex, 2012-2013 mövsümünədək burada qalıb. O, "Fənərbağça"da bir çox kubok qazanıb, mövsümün ən çox qol vuran oyunçusu olub. Alex "Fənərbağça"da ümumilikdə 172 qol vurub.

2. Lefter Küçükandonyadis


O, klubun əfsanəvi futbolçularından biridir. 1946-47 mövsümündə "Fənərbağça"ya transfer olunan Lefter burada keçirdiyi 4 mövsüm ərzində 215 qola imza atıb.

1. Zeki Rıza Sporel


"Fənərbağa"nın ilk yarandığı illərdən etibarən kluba qoşulan Zeki Rıza Sporel 20 ilə yaxın burada qalıb. O, "Fənərbağça"dan başqa heç bir klubda oynamayıb. O, "Qalatasaray"a ümumilikdə 33 qol vurub. 19 illik "Fənərbağça" karyerası ərzində 470 qol vurub. Bu rekord 82 ildir dəyişmir.