Detektiv janrında yazılmış ən yaxşı kitablar

Bu məqaləmizdə Azərbaycan dilində əldə edə biləcəyiniz ən yaxşı detektiv kitablarını bir yere topladıq. Çingiz Abdullayev, Elxan Elatlı, Aqata Kristi və s. ən yaxşı yazarların əsərlərini bu məqaləmizdə tapa biləcəksiniz.

Ən yaxşı detektiv əsərlər

1. Çingiz Abdullayev - Ailə sirləri

Çingiz Abdullayev - Ailə sirləri

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Ailə sirləri" adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur.
Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı... Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı - tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil... səhvə yol verib...

2. Çingiz Abdullayev - Alqış sədaları altında ölüm

Çingiz Abdullayev - Alqış sədaları altında ölüm

"Alqış sədaları altında ölüm" adlı romanda hadisələr Rusiyadakı teatrların birində cərəyan edir.
Şekspirin "Hamlet" faciəsinin bu dəfə real həyatda, özü də birbaşa səhnədə yaşanacağı heç kəsin ağlına gəlməzdi - nə teatr rəhbərliyinin, nə aktyorların, nə də ki, tamaşaçıların... Amma bu faciə yaşanır. Nə qədər inanılmaz olsa da, "Hamlet"də oynayan bir aktyor digərini elə səhnədəcə qətlə yetirir. Tamaşaçılar isə xalq artistinin kralın ölüm səhnəsini həddən artıq teatral və qeyri-adi istedadla oynadığını zənn edib onu alqışlayırlar. Bəs səhnədə əslində nə baş verir? Teatra məxsus rekvizit qılıncı əsl qılıncla kim dəyişmişdi? Hamletin əlindəki qılıncı ona kim vermişdi? Dronqo qatili axtarmağa başlayır, amma elə bu zaman növbəti cinayətlər baş verir...

3. Çingiz Abdullayev - Bumeranq zərbəsi

Çingiz Abdullayev - Bumeranq zərbəsi

Çingiz Abdullayevin "Bumeranq zərbəsi" adlı romanında seriya qatilin axtarışlarına cəlb edilmiş hüquq-mühafizə orqanlarının üzləşdiyi çətinliklər təsvir olunur.
Hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir, daha doğrusu, seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla dalbadal qətllər törədir. Tədbirlilikdə və amansızlıqda Çikatilo ilə müqayisə olunan qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını səbirlə izləyir, yaxalayır və zorlayıb öldürür, amma heç bir iz qoymur. Onu görən də yoxdur. Ufada qətl törədib Çelyabinskə gedir, oradan başqa şəhərə keçir. Moskvadakı yüksək rütbəli milis məmurları başını itirib. İşə məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Bu iki ekspert qatilin psixoloji portretini yaradır, onun intellektual, yaraşıqlı, ünsiyyətcil və gənc bir adam olduğunu deyirlər. Yüksək rütbəli milis zabitləri bundan narazı qalır...

4. Elxan Elatlı - Bakıdan gələn xəfiyyə

Elxan Elatlı - Bakıdan gələn xəfiyyə

Detektiv romanlar müəllifi Elxan Elatlının psixoloji detektiv janrında qələmə aldığı "Bakıdan gələn xəfiyyə" romanında Rusiyada baş verən cinayət hadisəsinin araşdırılmasından bəhs olunur.
Uzaq Sibirin balaca və sakit şəhərlərinin birində yerli iş adamı və onun erməni sürücüsü qətlə yetirilir. Daha sonra azərbaycanlı biznesmenə yaxın bir polis zabitini binadan atıb öldürürlər. Yerli sakinlər və həmin şəhərdə yaşayan ermənilər bu cinayətdə azərbaycanlıları günahlandıraraq onlara müharibə elan edir, sonuncular isə naçar qalaraq məşhur bakılı xəfiyyədən kömək istəməyə məcbur olur. Uzun illər Rusiyada çalışmış polkovnik Qasımlı təhqiqatlarını dərinləşdirdikcə yerli mafiyanın daha dəhşətli cinayətlərinin izinə düşür...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

5. Aqata Kristi - On zənci balası

Aqata Kristi - On zənci balası

Kiçik bir ada və bir-birini tanımayan on qonaq… Naməlum ev sahibi… Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…

6. Elxan Elatlı - Dilənçi qadının sirri

Elxan Elatlı - Dilənçi qadının sirri

Detektiv romanlar müəllifi Elxan Elatlının "Dilənçi qadının sirri" romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb ailə münasibətlərinə və digər problemlərə də toxunulur.
Arvadının xəyanəti ilə üzləşən biznesmen bu rüsvayçılığa dözə bilməyərək ailə-uşağını atıb Türkiyədən Azərbaycana köçür. Bakıda şirkət açıb biznes quran orta yaşlı iş adamı burada özündən 30 yaş cavan qadınla rastlaşır. Kasıb bir fəhlənin arvadı olan, lakin dəbdəbəli həyata can atan bu gözəl və gənc qadın ərinə elə onun dostu ilə xəyanət edəndən sonra boşanaraq özünə imkanlı məşuq tapsa da, türk iş adamının evlənmək təklifini sevinclə qarşılayır. Az sonra onların bir oğlu da olur. Uşaq 3 yaşına çatanda ailədə qəribə hadisələr baş verir. Əvvəlcə brilyantlar yoxa çıxır, sonra uşaq oğurlanır və ailədən pul tələb edilir. Biznesmen özəl detektivdən yardım istəməli olur...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

7. Elxan Elatlı - Cəhənnəmdən gələn səs

Elxan Elatlı - Cəhənnəmdən gələn səs

"Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. "Leopard" ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir...

8. Çingiz Abdullayev - Etiraflar vadisi

Çingiz Abdullayev - Etiraflar vadisi

Çingiz Abdullayevin "Etiraflar vadisi" əsərində hadisələr İndoneziyanın ekzotik bir adasında baş verir. Cəngəllikdə kərgədan ovuna çıxan dostlar hər şeyi diqqətlə nəzərə almışdı. Qeyri-adi heç nə ola bilməzdi. Bir neçə imkanlı səyyah tam hazırlıqlı vəziyyətdə Kalimantan adasına yola düşmüşdü. Bələdçilər peşəkar idi. Marşrutu təcrübəli ovçular yoxlamışdı. Artıqlaması ilə silah vardı. Amma həmişə olduğu kimi, işə mane olan insan faktoru da vardı. Qrupa bir qatil də qoşulmuşdu. Bu da nəticə - biri kürəyindən aldığı bıçaq yarasından ölmüş, digəri zəhərlənmiş, üçüncüsü də güllə ilə vurulmuşdu. Səyyahlardan biri - Roman Lompadov isə möcüzə nəticəsində sağ qalmışdı. Gerçəklər üzə çıxdıqca o, heyrətini gizlədə bilmirdi...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"...Həmin il banditlər tökülüşüb üstümüzə gəldi. Biznesimizi əlimizdən almaq istəyirdilər. Çətin zəmanə idi. Özümüzə başqa banda tutmağa məcbur olduq. Onlara böyük pullar ödədik. Sonra obyektlərimizi yoxlamaq üçün müfəttişlər gəldi. Onlara pul təklif elədik, ancaq axıra qədər sıxıb suyumuzu çıxarmaq əmri almışdılar. İşi belə görəndə müfəttişləri sadəcə aradan götürdük. Onların ardınca prokurorluq və FTX əməkdaşları peyda oldu. Bu adamlarla dil tapmaq çox çətin idi, amma bacardıq. Onların generallarının birinə pul ötürə bildik. Yoxlamanı burmağa başladılar. General çox acgöz çıxdı, elə hey pul tələb edirdi. Onun bu hərəkəti bizi boğaza yığdı, maşınında partlatdıq getdi. Sonra onun ölümü ilə bağlı istintaqın şəxsən prezidentin nəzarətində olduğunu öyrəndik. Qətli törədən killer isə sevgilisi ilə Yunanıstana qaçdı. Nəsə bir tədbir görmək lazım idi. Üç ən yaxşı "sənətkarı" ora göndərdik. Ondan sonra killerlə sevgilisi barədə heç kəs heç nə eşitmədi. Dörd-beş ildən sonra onların qalıqlarını kirayə götürdükləri villanın yaxınlığından tapdılar..."

9. Elxan Elatlı - On dördüncü adam

Elxan Elatlı - On dördüncü adam

Detektiv əsərlər müəllifi Elxan Elatlının "On dördüncü adam" romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.
Evin yeganə oğul övladı olan gənc böyük arzularla Bakıya ali təhsil almağa gəlir. Bir neçə ildən sonra anlayır ki, ömrünün ən gözəl çağlarını yaşayan əksər tələbələr kimi onun da sevib-sevilməyə ehtiyacı var. Amma universitetdə yüzlərlə gözəl qızın arasında olan bu gənc öz taleyinin qismətini qəribə üsulla seçməyə qərar verir, həyatını qumara qoyur. O ümidlə ki, tale qismətinə də elə ilk baxışdan vurulduğu həmin o qızı çıxaracaq...
Amma tale onunla amansız oyun oynayır. Həyat eşqi aşıb-daşan, gələcək xoşbəxtliyinin xəyallarını quran gəncin qarşısına sonradan evlənməyə, az sonra isə boğub öldürməyə məcbur olacağı qızı çıxarır. Bu qadın onu qatilə, qumarbaza, bədbəxt bir adama çevirir..

10. Aqata Kristi - Saatlar

Aqata Kristi - Saatlar

Stenoqrafçı qız divanın arxasından kişi cəsədi aşkar edir… Şeyla Veb ona verilən təlimata əsasən Vilbraham Kresent küçəsi, 19 nömrəli evə daxil olmuşdu. Evə daxil olduqdan sonra dəhşətli hadisə ilə qarşılaşdı; qonaq otağının döşəməsində sərilmiş bir kişi cəsədi... Cinayətin Puaroda maraq oyandıran tərəfi isə zaman faktoru idi. Şokda olmasına baxmayaraq Şeyla ququ saatının üçü vurduğunu aydın bir şəkildə xatırlayırdı. Lakin qonaq otağındakı dörd saat isə saat 4.13-ü göstərirdi. Ən qəribəsi isə bu saatlardan sadəcə biri ev sahibinə məxsus idi!

11. Elxan Elatlı - O gecə yağış yağırdı

Elxan Elatlı - O gecə yağış yağırdı

Kitabda tanınmış detektiv ustası Elxan Elatlının bu janrda ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.

12. Elxan Elatlı - Xəyanət

Elxan Elatlı - Xəyanət

Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İn­san xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır…

Qeyd: Məqalə hər ay yenilənəcək və daha çox oxunan detektiv janrında olan kitablar əlavə olunacaqdır. Əgər siz də oxuduğunuz maraqlı kitabları bu əsərlər arasında görmək istəyirsinizsə rəy yazaraq bunu bizə bildirə bilərsiniz.

Ən maraqlı detektiv kitablarını hardan əldə edə bilərəm?

Bu mövzunu da sizlər üçün araşdırdıq. Ən rahat kitab ala biləcəyiniz saytları təqdim edirik:

Sizə maraqlı olacağını düşündük:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
41479 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Məryəm (1 il əvvəl)
çox gözəl kitablardır
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 933
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1270
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1633
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1034
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2002
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4392