Qidalanma və pəhriz mütəxəssisi Şengül Sangu Talak, “Yoğurt kimi fermentasiya yolu ilə əldə edilən bir stəkan (200 ml) kefirdə 100 kalori enerji var. Üstəlik, bir stəkan kefir gündəlik kalsium ehtiyacının 24 faizini, A vitamininin 14 faizini, kaliumun 6 faizini və dəmirin təxminən 2 faizini qarşılayır. Həmçinin B12 və E vitaminləri və fosfor, sink, fol turşusu və maqnezium kimi minerallarla zəngindir. Bu sağlam içki gündəlik pəhrizə daxil edilməlidir” – deyə bildirib. Mütəxəssis kefirin faydalarını açıqlayıb.

1. Ürək xəstəliyi riskini azaldır


Bəzi tədqiqatlar kefirin tərkibindəki probiotik bakteriyaların pis xolesterin adlanan LDL xolesterini aşağı salan təsirə malik olduğunu göstərir. Bundan əlavə, tərkibindəki kalium sayəsində təzyiqi tarazlaşdıran xüsusiyyəti də olan kefir, ürək xəstəlikləri riskini azaldır.

2. Sümükləri gücləndirir


Yaşlandıqca sümüklər zəifləyir, xüsusən menopozdan sonra sümük qalınlığının azalması ilə qırılma və osteoporoz riski artır. Son tədqiqatlar kefirin sümük hüceyrələri tərəfindən kalsiumun udulmasını artıra biləcəyini ortaya çıxarıb. Kefirin zəngin kalsium və K vitamini tərkibi sümük sağlamlığını yaxşılaşdırmaq və sümük rezorbsiyasını yavaşlatmaq üçün ən təsirli üsul kimi göstərilir.

3. İmmuniteti gücləndirir


Kefir fermentasiya zamanı ayrılan faydalı maddələr sayəsində immunitet sistemini gücləndirir. Zülal, kalsium, maqnezium və bir çox vitaminlərlə zəngin olan kefir hər gün 1 stəkan qəbul etsəniz, immunitet sisteminizin xəstəliklərdən qorunmasına kömək edər.

4. Həzm sistemini tənzimləyir, xoralardan qoruyur


Bağırsaqdakı bakteriyaların tarazlığını təmin edən kefir həzmi asanlaşdırır və qəbizlik, şişkinlik və həzmsizlik kimi şikayətləri azaldır. Bundan başqa, bəzi araşdırmalarda Helicobacter pylori-nin yaratdığı xoraların müalicəsinə kefir əlavə edildikdə Helicobacter pylori-nin böyüməsinin ləngidiyi müşahidə edilib.

5. Uzun müddət toxluq hissini təmin edir


Sağlam qidalanmaya əhəmiyyət verənlər üçün kefir qəlyanaltılar üçün əvəzolunmaz olmalıdır. Çünki 1 stəkan kefirlə orqanizmimizi qəlyanaltıda qəbul etməyimiz lazım olan bütün vitamin və minerallarla yanaşı, karbohidrat və zülallarla da təmin edə bilərik. Üstəlik, uzun müddətli toxluq hissi təmin etdiyi üçün arıqlama pəhrizləri üçün də yaxşı seçimdir.

6. Psixoloji problemlərdən qoruyur


Kefir kimi fermentləşdirilmiş qidalarda olan bəzi probiotik bakteriyalar yetəri miqdarda istehlak edildikdə müxtəlif kimyəvi maddələr əmələ gətirir. Bu kimyəvi maddələr emosional vəziyyəti yaxşılaşdırmaq, narahatlığı azaltmaq və psixoloji pozğunluqları müalicə etmək üçün müsbət təsir göstərə bilir.

7. Dərini gözəlləşdirir


Kefirin tərkibindəki A vitamini dəri sağlamlığı üçün faydalıdır. Dəri hüceyrələrinin bərpasını yeniləyir, sürətləndirir və yaşlanma əleyhinə təsir yaradır. Eqzema kimi dəri problemlərinin qarşısını alma təsirinə malik olan kefir, saç və dırnaqların sağlam və sürətli uzanmasını da təmin edir.

8. Xərçəngdən qoruyur, müalicəsinə müsbət təsir edir


Kefir tərkibindəki selenium, E vitamini, katalaza və superoksid dismutaz fermentləri ilə birlikdə hüceyrələrə antioksidant təsir göstərir. Bu, xərçəng hüceyrələrinin böyüməsini gecikdirə bilər. 3 ləzzətli kefir resepti Şengül Sangu Talak meyvələrlə ləzzətləndirə biləcəyiniz üç sağlam kefir resepti verib.

1) 1 stəkan kefir, 5 çiyələk, 1 ovuc moruq, 1 xörək qaşığı kətan toxumu blenderdən keçirilir və yarım çay qaşığı darçın əlavə edilərək yeyilir.

2) 1 stəkan kefir, yarım banan, 5 ədəd çiy badam və 1 xörək qaşığı çia toxumu blenderdən keçirilərək yeyilir.

3) 1 stəkan kefir, 3 təzə ərik blenderlə qarışdırılır və üzərinə 2 qozun ləpəsi və 2-3 xörək qaşığı yulaf əlavə edilərək yeyilir.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.