Eskişehir Şəhər Xəstəxanasında koronavirusdan sağalan insanların sağlamlıq müayinələri aparılıb. Bu proseslə bağlı danışan mütəxəssislər hər 10 nəfərdən birinin tənəffüs çatışmazlığından əziyyət çəkdiyini söyləyiblər. Xəstəliyə tutulanların əsas şikayəti isə tez yorulmaqdır.

Koronavirusa yoluxan və xəstəliyin öhdəsindən gəlməyi bacaran təxminən 2100 insan üzərində müşahidə aparılıb. Araşdırmalar COVID-19 xəstəliyinin aradan qaldırılmasından sonra hansı təsirlər göstərdiyini üzə çıxarır. 5 ay müşahidə olunan xəstələrdən bəzilərinin müəyyən problemlər yaşadığı məlum olub.


Həkimlərin araşdırmalarına görə, COVID-19-a yoluxub, sonra isə sağalan şəxslər tənəffüs çatışmazlığı, oynaq ağrısı, halsızlıq, yuxu pozğunluğu, yorğunluq, unutqanlıq kimi problemlərlə qarşılaşa bilərlər. Bəzi xəstələrdə göz və dəridə qaşınma problemi yaranır.

Tənəffüs çatışmazlığına hər 10 xəstədən birində rast gəlinir.


Eskişehir Şəhər Xəstəxanasının Baş həkimi Dr. Yaşar Bildiricinin sözlərinə görə, koronavirusdan sağalan hər on nəfərdən biri tənəffüs çatışmazlığı problemi yaşayır. Xəstəlikdən sağalanların təxminən yarısı isə əzələ və oynaq ağrılarından şikayətlənirlər.


Dr. Şebnem Eker Güvenç COVID-19 xəstəliyinin ən çox görülən təsirlərinin nəfəs darlığı, halsızlıq, yorğunluq və oynaq ağrısı olduğunu bildirib. Bununla birlikdə, həkim, nəzarət zamanı fərqli təsirlərlə də qarşılaşdıqlarını və hər bir tapıntının COVID-19 ilə əlaqələndirilməsinin düzgün olmadığını dilə gətirib.