Dəri keyfiyyəti və dəridə yaranan problemlər kənar təsirlərlə yanaşı, orqanizmdəki hormonların balansından da qaynaqlana bilər. Dəridəki bəzi problemlər, məsələn, ani yaranan sızanaqlar hormon səviyyəsindəki dəyişikliklərlə bağlı ola bilər. Dəriyə təsiri böyük olan 4 hormon haqqında məlumat toplayın.

Estrogen


Estrogen dəri sağlamlığında böyük rola malikdir. Dərinin nəmlik dərəcəsi və yara izlərinin sağalması kimi bir neçə detala estrogen təsir göstərir.

Bu hormonun artıqlığı zamanı dəridəki sebum istehsalı artır və sızanaqlar meydana gəlir. Periodik zamanlarda sızanaqların yaranma səbəbi estrogenin artıq istehsalı ilə əlaqəlidir. Estrogenin az olması zamanı isə dəri həssas hala düşür. Dəridə qaşınma və iritasiya yarana bilər.

Tiroid


Tiroid hormonu metabolizmaya, bədənin inkişafına və bədəndəki enerjinin koordinasiyasına nəzarət edir. Bu hormonun azlığı zamanı dəridə quruluq və həssaslıq əmələ gəlir. Ölü dəri daha gec xaric olunur və dəridə pul-pul tökülmələrə rast gəlinir. Tiroid artıqlığı zamanı isə metabolizma sürətlənir və dəri isinir. Bunun nəticəsində bədən daha çox tərləyir. Dəridə qızartılar ortaya çıxır.

Kortizol


Kortizolu stress hormonu adlandırmaq da olar. Xroniki stress nəticəsində səviyyəsi artan kortizol dəri üzərində bir çox problemə səbəb ola bilər. Hüceyrə yenilənməsini gecikdirən və dəridəki kollageni parçalayan bu hormon yaşlanma əlamətlərinin ortaya çıxmasını asanlaşdırır. Dəridə inflamasiya yığılmasına yol açan kortizol, toxuma pozğunluqlarına, töküntülərə və sızanaqlara səbəb olur. Kortizol artıqlığı zamanı dərinin su tutması azalır. Stresli zamanlarda dəri daha quru və həssas olur.

Testosteron


Kişilik hormonu adlandırılsa da, qadınlarda da müəyyən nisbətdə testosteron olur. Testosteron da eynilə estrogen kimi dərinin yağ balansına ciddi təsir göstərir. Testosteron artıqlığı dəridə yağlanmanı artırır. Nəticədə dəri toxuması pozulur və sızanaqlar əmələ gəlir. Testosteronun yüksək miqdarda olması həmçinin arzuolunmaz tüklərin çoxalmasını sürətləndirir.