Əllərin titrəməsi genetik və ya digər xəstəliklər nəticəsində yarana bilər. Müxtəlif amilləri dəyərləndirərək bunları bir-birindən ayırmaq olar. Tibbi adıyla "tremor", yəni titrəmə sabit ox ətrafında təkrarlanan, qeyri-iradi, ritmik, sallanma şəklindəki oynaq hərəkətidir. Bu titrəyişi əllərdə, qollarda, ayaqlarda, başda və səs tellərində görmək olar.

Titrəmə əzələlərin qısa müddətli daralması ilə baş verən hərəkət pozğunluğudur. Adətən əllərdə olur, lakin başda, qollarda, ayaqlarda və səsdə də əmələ gələ bilər. Titrəmə yuxusuzluq, stress və aşırı kafein istehlakı ilə şiddətlənə bilər.

Əllərdə titrəməyə nə səbəb olur?


Titrəmənin əsas səbəbləri stress, qorxu, hipertiroidizm və ya hipokalsemiya (orqanizmdə kalsiumun miqdarının azalması) kimi metabolik şərtlər və bəzi dərmanlar və stimullaşdırıcılardır.

Əllərin titrəməsi hansı xəstəliyin əlaməti ola bilər?

Əl titrəməsinin başqa bir mühüm səbəbi də vardır. İstirahət zamanı əllərin titrəməsi parkinson xəstəliyinin və bəzi hərəkət pozğunluqlarının ilk əlaməti ola bilər. Əl titrəməsinin əlaməti ola bilən nevroloji xəstəliklər MS, insult, travmatik beyin zədəsi və bəzi onurğa beyni xəstəlikləri kimi hallardır.

Əl titrəməsinin səbəbləri müxtəlif olduğundan, sürəti də buna görə dəyişir. Məsələn, insan ayaq üstə olan zaman baş verən titrəmələrə 40 yaşdan yuxarı daha çox rast gəlindiyi halda, parkinson xəstəliyinin yaratdığı titrəmə riski 60-65 yaşdan sonra artır. Titrəmənin tezliyini müəyyən etmək çətindir. Çünki metabolik səbəblər, stress və kofein istifadəsi kimi faktorlar bütün titrəmələrin tezliyini hesablamağı qeyri-mümkün edir.

Əl titrəməsinin növləri


Esansial tremor

Bu titrəmə növü adətən əllərdə başlayır və hər iki əldə baş verir. İlk əvvəl bir əldə olur, üç il ərzində digər ələ də keçir. Tremor əsasən yazı yazarkən, əşyaları tutarkən və ya incə motor hərəkətləri tələb olunduqda hiss olunur. Bu tip tremor spirtli içki qəbul etdikdən sonra dayanır və ya azalır, yuxu zamanı isə yox olur. Yorğunluq, kofein, sinir sistemini stimullaşdıran dərmanlar, hərarət və əhval dəyişikliyi, həyəcan, əsəbilik, stress, ictimai yerlərdə olmaq tremoru artıra bilər.

Parkinson tremoru

Parkinson xəstəliyində görülən bu tip adətən birtərəfli başlayır və daha çox istirahət halında ortaya çıxır. Tremor müxtəlif intensivliklə gün ərzində fasilələrlə görünür və yuxu zamanı yox olur, stress zamanı isə güclənir.

Serebellar tremor

Beyincikə təsir edən bir çox damar, şiş, degenerativ və ya irsi xəstəliklərdə görülən bu titrəmə könüllü hərəkət zamanı meydana gəlir. Məsələn, insan elektrik və ya lift düyməsini basdıqda titrəmə baş verir.

Psixoloji tremor

İstirahət zamanı və ya bədənin müəyyən bir duruşunda hərəkətlə baş verə bilən bu titrəmə bədənin müxtəlif yerlərində müşahidə oluna bilər. Bəzi hallarda xəstəliyə psixoloji pozğunluqlar da əlavə olunur.

Ortostatik tremor

Bu titrəmə növü ayağa qalxdıqdan bir neçə saniyə sonra ayaqlarda baş verir. Oturduqda və ya dəstək alındıqda simptomlar sona çatır.

Fizioloji tremor

Normal əzələ daralması səbəbindən bütün insanlarda yarana bilər. Stress, sıxıntı, qorxu, yorğunluq, narahatlıq, hipoqlikemiya, hipertiroidizm, alkoqoldan imtina və qızdırma kimi durumlarda fizioloji tremor əmələ gəlir.

Əl titrəməsinin müalicəsi necə olur?


Titrəmənin müalicəsi səbəbindən asılı olaraq müəyyən edilir. Dərmanın əlavə təsirinin nəticəsi kimi baş verən titrəmədə dozanın azaldılması və ya dərmanın tamamilə dayandırılması nəzərdə tutulur. Parkinson xəstəliyinə bağlı titrəmə (tremor) olduqda o istiqamətdə müalicəyə başlanır. Əgər titrəmə stressdən qaynaqlanırsa, psixoloji dəstək və stressin idarə olunması ilə həll yolu axtarılır. Metabolik pozğunluqlardan qaynaqlanan titrəmələrdə pozğunluğun aradan qaldırılması məqsəd qoyulur. Bəzi xüsusi hallarda cərrahi üsullar tətbiq oluna bilər.