Bitki mənşəli yağların heyvan mənşəli yağlardan daha faydalı olduğu isbat edilib. Bəs bitki tərkibli yağların hamısı faydalıdır? Əlbəttə ki, yox. Palma yağının zərərlərini araşdırmışıq. Palma İndoneziya, Malayziya, Afrika və Braziliya kimi tropik bölgələrdə yetişir. Son illər bəzi qidaların tərkibində bu bitkiyə yer verilir. Əsasən palma yağı geniş istifadə olunur.

Bir çox şirniyyat məhsullarının, şokoladların, fındıq əzməsinin tərkibində palma yağı ola bilər. Palma yağı otaq istiliyində qatı halda olur. Maye yağlara nisbətən daha dayanıqlı olduğu üçün fast-fud restoranlarında kartof qızartmaq üçün palma yağı işlədilir.

Palma yağından istifadənin artmasının səbəbləri


2006-cı ildə ABŞ hökuməti qidalarda trans yağ istifadəsini qadağan etmək üçün ciddi tədbirlər gördü, bəzi qadağalar qoyuldu. Buna görə diqqətlər tərkibində trans yağ olmayan, lakin doymuş yağ nisbəti yüksək olan palma yağına yönəldi. Bu isə palma yağının zərərsiz olduğu anlamına gəlmir. Zərərli hesab olunan ayçiçək yağında doymuş yağ turşusu nisbəti 7 %, palma yağında isə 44,3 %-dir.

Mütəxəssislər bildirirlər ki, palma yağının bəzi faydaları da var. A və E vitamini ilə zəngindir. Həmçinin palma yağı təbii antioksidantdır. Lakin mətbəxdə istifadə olunan palma yağı bir çox proseslərdən keçir. Buna görə zərərli tərəfləri daha çoxdur.

Ürək və damar


Palma yağı kolestrol ehtiva etmir, lakin tərkibindəki yüksək miqdarda doymuş yağ turşuları damarlarda yığılıb qalaraq tıxanıqlıq yaradır və ürək xəstəliyi riskini artırır. Araşdırmalar nəticəsində məlum olub ki, doymuş yağlar kolestrol və ürək xəstəlikləri yaranmasına səbəb olur. Buna görə immun sisteminə də mənfi təsir göstərir.

Çəki artması

Doymuş yağlar kalori ilə zəngin olur. Buna görə tərkibində palma yağı olan məhsullar çəki artmasına səbəb ola bilər.

Xərçəng təsiri

Avropa Qida Təhlükəsizliyi Agentliyi verdiyi açıqlamada palma yağının 200 dərəcədən artıq temperaturda rafinə edildiyi halda, digər bitki mənşəli yağlardan daha çox kanserogen maddə ortaya çıxardığını qeyd edib.

Hansı qidaların tərkibində palma yağı var?


Qida paketlərinin üzərini oxuyaraq onların tərkibində palma yağının olub-olmadığını öyrənmək olar. Bu cür paket qidalardan istifadə etmək isə ümumiyyətlə məsləhət görülmür.

Ətraf mühitə verdiyi zərər

Palma yağı istehsal olunduqda təbiətə ciddi zərərlər verilir. Palma ağaclarının məhv olunması ekoloji mühitə pis təsir göstərir. Palma meşələri məhv edildikdə oradakı heyvanlar da bundan əziyyət çəkir, bitki örtüyü tələf olur.