Uşaqlarda ürək xəstəlikləri çox müxtəlifdir. Mütəxəssislər ana bətnindəki müddətdən etibarən yarana biləcək ürək xəstəliklərini 3 əsas başlıq altında toplayır:

anadangəlmə ürək xəstəlikləri,
revmatik ürək xəstəlikləri,
ritm və keçiricilik pozğunluqları.

Anadangəlmə ürək xəstəlikləri


Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri arasında anadangəlmə ürək xəstəlikləri yer alır. Bu qrupdakı xəstəliklərə ana bətnində körpənin inkişafı zamanı baş verən anomaliyalar daxildir. Bu anomaliyalar aşağıdakılardır:

Ürəyin qulaqcıqları və ya mədəcikləri arasındakı kameralardakı deşiklər,

Ürəyə gələn və ya ürəkdən gedən damarlardakı anomaliyalar,

Ürək qapaqlarında stenoz və ya çatışmazlığa səbəb olan anomaliyalar,

Koronar damarların anomaliyaları,

Mədəciklərin və ya qulaqcıqların inkişaf pozğunluqları.

Ürək xəstəliklərinin xalq arasında “ürəyində dəlik olan uşaq” kimi tanınan yüzlərlə müxtəlif növü var. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta, bəziləri isə çox ağır və mürəkkəb problemlərə səbəb ola bilər.

Ritm və keçiricilik pozğunluqları


Ürəyin elektrik sistemində anormal yavaşlama, dayanma və ya sürətlənmə ilə özünü göstərən pozuntular kimi təsvir edilir. Daha çox böyüklərdə müşahidə olunan bu pozğunluqlar bəzən anadangəlmə ürək xəstəlikləri olan uşaqlarda, bəzən daha əvvəl ürək əməliyyatından sonra, bəzən isə heç bir məlum səbəb olmadan baş verir. Az hallarda olsa da, kardiyomiyopatiya, miokardit və perikardit kimi ürək əzələsi və ya ürək zərinin xəstəlikləri yarana bilər.

Revmatik ürək xəstəlikləri

Revmatizm inkişaf etdiyi orqanlarda bəzi problemlərə səbəb olan bir xəstəlikdir. Boğaz infeksiyası revmatizmə yol açan əsas səbəbdir. “Hemolitik streptokoklar” adlanan mikroblar boğazda yerləşərək bu bölgədə infeksiyaya səbəb olur və eyni mikroblar bəzən ürəkdə yerləşərək ürək qapaqlarında deformasiya, stenoz və ya çatışmazlıq yaradır.