ABŞ-da gəzməli və görməli olduğunuz 15 yer

Amerikada ən görməli yerlər hansılardır? Qarlı dağların, tropik çimərliklərin, nəhayətsiz səhraların, ucsuz-bucaqsız meşələrin yerləşdiyi bu nəhəng ölkədə olan ən maraqlı yerləri sizə təqdim edirik.

1. Azadlıq heykəli

Azadlıq heykəli

Nyu-Yorkun Azadlıq adasında yerləşən heykəl ABŞ-ın ən qiymətli simvoludur. 1875-1886-cı illər arasında inşa olunan dünya şöhrətli abidə məşhur memarlar Frederik Oqust Bartoldi, Qustav Eyfel, Riçard Morris Hant və Eugene Viollet-le-Ducun birgə səyinin nəticəsində ərsəyə gəlib. Çoxlarının düşündüyünün əksinə olaraq, 93 metr hündürlüyündə olan heykəl amerikalıların deyil, fransızların əl işidir. Fransızlar mis materialdan yaratdıqları “Azadlıq heykəli”ni ölkənin yaranmasının 100 illiyi münasibətilə Amerika Birləşmiş Ştatlarına hədiyyə ediblər. Heykəlin başında 7 qitəni simvolizə edən 7 uclu künclü tac, sağ əlində məşəl, sol əlində isə sinəsinə söykəndiyi kitab var. Turizmə açıq olan və dünyada azadlıq simvollarından biri kimi qəbul edilən abidəni hər il milyonlarla yerli və xarici turist ziyarət edir. Eyni zamanda, 1984-cü ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş “Azadlıq Heykəli”, şübhəsiz ki, ABŞ-a səyahət bələdçiniz üçün ən vacib marşrut olmalıdır.

2. Disneyland

Disneyland

Disneyland Kaliforniyanın Anaheim şəhərində yerləşən dünyanın ən məşhur əyləncə parklarından biridir. 1955-ci ildə Uolt Disney tərəfindən salınan park uşaqların böyük marağına səbəb olur. Şəhərin ən əhəmiyyətli turizm mərkəzinə çevrilən Disneyland 7-dən 70-ə qədər bir çox insanı heyrətləndirir Disneyland Amerikaya gələnlərin görməli olduğu yerlərdən biridir.

3. Empire State Building

Empire State Building

Bu bina Nyu-York şəhərinin mühüm simvollarından biri olan 381 metrlik göydələndir. Məşhur memarlar William F. Lamb və Gregory Johnson tərəfindən birgə layihələndirilən bina 102 mərtəbədən ibarətdir. 1930-1932-ci illərdə tikilən bina 40 ilə yaxındır ki, dünyanın ən hündür binası adını qoruyub saxlayır. Empire State Building Nyu-Yorkun iş həyatında əhəmiyyətli bir mövqeyə malikdir. Onlarla ofis, şirkət və müəssisənin yerləşdiyi binanı hər il milyonlarla insan ziyarət edir. Şəhər turizminə böyük töhfə verən binaya gedən turistlər şəhərin mənzərəsini sonuna qədər izləmək imkanı qazanırlar.

4. Yellouston Milli Parkı

Yellouston Milli Parkı

1872-ci ildə milli park elan edilən bölgə dünyanın ilk milli parkı kimi qeydə alınıb. Montana ştatının şəhəri Yellouston bu milli park sayəsində dünyaca məşhur bir bölgəyə çevrilib. Təxminən 900 hektar ərazini əhatə edən milli parkda yüzlərlə geyzer, kiçik və böyük şəlalələr var. 1000-dən çox bitki növünə ev sahibliyi edən parkda ayılar, quşlar, digər məməli heyvanlar və sürünənlər yaşayır. Təbiətsevərlərin tez- tez ziyarət etdiyi bölgəyə ildə təxminən 4 milyon turist gəlir.

5. Ağ Ev

Ağ Ev

1792-ci ildə inşasına başlanan və təxminən 8 il ərzində tamamlanan və 1800-cü ildə xidmətə açılan Ağ Ev 5100 kvadratmetr sahəni əhatə edir. ABŞ-ın idarə olunduğu və eyni zamanda ölkə prezidentlərinin rəsmi iqamətgahı olan bina məşhur memarlar Ceyms Hoban, Benjamin Henri Latrob, Çarlz Follen MakKim və Natan C. Vaytın birgə işidir. Ölkənin və dünyanın gündəmi və gələcəyi ilə bağlı mühüm qərarların qəbul edildiyi yer ABŞ-ın və dünyanın ən mühüm siyasi simvollarından biridir.

6. Tayms meydanı

Tayms meydanı

Bu, təkcə Nyu-Yorkun deyil, bütün Amerikanın ən canlı meydanlarından biridir. Broudvey prospekti ilə 7- ci prospektin qovşağında yerləşir. ABŞ-da 100 ildən artıqdır ki, Yeni il gecələrində minlərlə insanı qonaq edən və atəşfəşanlıq nümayişləri ilə hər kəsi məftun edən meydan bu gün də ənənəsini davam etdirir. Yeni ilin mükəmməl ab-havası hər il, xüsusən də ilin əvvəlində yüz minlərlə yerli və xarici turisti bölgəyə cəlb edir. Tayms meydanı bir çox insanın ABŞ-a səfərinin əsas səbəbi ola bilər. Yüzlərlə restoran, kafe, otel, əyləncə məkanı, daha nələr, nələr...

7. Golden Gate körpüsü

Golden Gate körpüsü

1933-cü ildə inşasına başlanan nəhəng körpü 4 ilə tamamlanaraq istifadəyə verilib. Uzunluğu 2737 metr, ümumi hündürlüyü 227 metrdir. Poladdan tikilmiş körpü Cozef Ştraus, İrvinq Morrou və Çarlz Ellisin birgə layihəsidir. Kaliforniya ştatının böyük mərkəzlərindən biri olan San-Fransisko şəhərinin simvoluna çevrilən körpü Amerikanın tarixi və turistik yerlərindən biridir.

8. Mərkəzi Park

Mərkəzi Park

Mərkəzi Park (Central Park)3,41 kvadrat kilometr ərazini əhatə edən nəhəng ictimai parkdır. Manhettendə yerləşir. 1857-ci ildə salınan olan parkın illik ziyarətçi potensialı 25 milyondur. Onlarla televiziya şousu, serial və filmin nümayiş olunduğu Central Park Nyu Yorkla eyniləşdirilən ərazilərdən biridir. Mərkəzi Park Nyu-York kimi böyük bir metropolda, müasir binaların ortasında, ağacların, otların, müxtəlif çiçəklərin və süni göllərin arasında hər gün on minlərlə insana təmiz hava bəxş edir.

9. Milli Təbiət Tarixi Muzeyi

Milli Təbiət Tarixi Muzeyi

Dünyadakı bütün təbiət muzeylərindən daha çox ziyarətçi toplayan qurum 1910-cu ildən bu yana xidmət göstərir. Muzey binası Hornblower və Marshall memarlıq firmalarının töhfələri ilə neo-klassik memarlıq üslubunda yaradılıb. Muzeydə bitki, heyvan, meteor, qaya, fosil və mədəniyyət tədqiqatları da daxil olmaqla 125 milyondan çox əşya var. 1000-ə yaxın işçi heyəti olan muzeyə giriş tamamilə pulsuzdur. Bu xüsusiyyətlər Milli Təbiət Tarixi Muzeyini ABŞ-ın ən turistik yerlərindən birinə çevirib.

10. Metropolitan İncəsənət Muzeyi

Metropolitan İncəsənət Muzeyi

1870-ci ildə Nyu-Yorkda açılan qurum təkcə Amerikada deyil, bütün dünyada ən çox ziyarət edilən muzeylərdən biridir. Mərkəzi Parkın yaxınlığında yerləşən Metropolitan İncəsənət Muzeyi xalq arasında "Met" kimi tanınır. Muzeyin daimi kolleksiyalarında 2 milyona yaxın eksponat var və bu əşyalar 17 bölmədə araşdırılır. Demək olar ki, bütün Amerika və Avropa rəssamlarının müasir əsərləri sərgilənir. Bundan əlavə, muzeydə Afrika, Asiya, Okeaniya və İslam incəsənətinə aid əşyalar. Antik silahlar, geyimlər, musiqi alətləri, aksesuarlar və ensiklopedik kolleksiyalar burada nümayiş olunur.

11. Böyük Kanyon

Böyük Kanyon

Arizona ştatında yerləşən möhtəşəm milli park ərazisidir. Kolorado çayının dik oyulmuş bölgəsinin uzunluğu 466 km-dir. Təxminən 2 milyard illik tarixi olan bölgə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısındadır. Hər il milyonlarla turisti özünə cəlb edən Böyük Kanyon dırmaşmaq, səyahət etmək və müxtəlif bölgələri kəşf etmək həvəsində olanların maraq göstərdiyi bölgələrdən biridir.

12. Thousand adaları

Thousand adaları

Ontario gölünün şimal-şərq hissəsində, Kanada və ABŞ sərhədində yerləşən 1864 adacıqdan ibarət gözəl təbiət möcüzəsidir. Bölgə 2002-ci ildə YUNESKO tərəfindən Ümumdünya Biosfer Qoruğu elan edilib. Burada milli park elan edilmiş 20-yə yaxın ərazi var. ABŞ-ın ən füsunkar təbiət məkanlarına ev sahibliyi edən Thousand adaları hər il milyonlarla turisti cəlb edir.

13. Los Angeles City Hall

Los Angeles City Hall

Bu, ABŞ-ın ən böyük şəhərlərindən biri olan Los-Ancelesin yerli hökumət binasıdır. Binanın hündürlüyü 138 metrdir və 27 mərtəbədən ibarətdir. Albert C. Martin, Sr., John C. Austin, John Parkinson, David C. Martin, Christopher C. (Chris) Martin kimi ölkənin ən məşhur memarlarının ortaq işi olan binanın inşasına 1926-cı ildə başlanıb. Los-Ancelesin və ABŞ-ın simvollarından biridir.

14. Chrysler binası

Chrysler binası

1928-1930-cu illər arasında tikilən orientir 320 metr yüksəkliyə malikdir. William Van Alenin layihələndirdiyi göydələn strukturu 77 mərtəbəlidir. Bir çox yerli və xarici şirkətlərin ofislərinin yerləşdiyi Chrysler binası Nyu Yorkun ən məşhur binalarından sayılır. Art Deco memarlığının ən nadir strukturlarından biri olan Chrysler öz əzəməti ilə hər kəsi valeh edir.

15. Müqəddəs Patrik kafedralı

Müqəddəs Patrik kafedralı

Nyu-Yorkun ən əhəmiyyətli Roma Katolik kilsələrindən biridir. Nyu-York əyalətinin arxeparxiyası kimi fəaliyyət göstərən Müqəddəs Patrik kafedralı memar Ceyms Renvik tərəfindən layihələndirilib. Ştatda neo-qotik memarlıq üslubunun ən mükəmməl tikililərindən biri hesab edilən tikili 1858-1878-ci illər arasında inşa olunub. 2 zəng qülləsi olan kafedral Amerikanın ən turistik məkanlarından biridir.

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
0
emotion
0
emotion
0
emotion
2
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
3554 dəfə oxundu
ilk.az-çılar nə deyir?